“Azərbaycanın təkidi Zəngəzur dəhlizinin açılmasıdır” -KOMİTƏ SƏDRİ

“Azərbaycan Prezidenti Cənab İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Dubayda baş tutacaq görüş çox mühüm görüşlərdən biridir. Bu, həm Ermənistan daxilində baş verən siyasi hadisələr, həm də 2026-cı ildə keçiriləcək seçkilər və onlara qarşı tətbiq olunan təzyiqlər fonunda xüsusi önəm daşıyır. Bu səbəbdən də görüş Ermənistan üçün əhəmiyyətlidir”.

Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev Gununsesi.info-ya açıqlamasında deyib:

“Azərbaycan üçün əsas prioritet sülh müqaviləsinin imzalanması və regionda davamlı sülhün təmin edilməsidir.

Azərbaycan tərəfi bu görüşə bir neçə mühüm məsələ və konkret tələblərlə qatılıb. Bu dəfəki görüşdə sadəcə deklarativ bəyanatlardan yox, imzalanması mümkün olan sülh müqaviləsinin detalları və onların necə icra olunacağı ilə bağlı müzakirələrin aparılacağı gözlənilir.

Azərbaycan üçün əsas gündəm mövzularından biri Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsi məsələsidir. Bununla yanaşı, Avropa İttifaqının sərhəddə apardığı vizual müşahidə missiyasının dayandırılması və artıq funksiyasını itirmiş ATƏT-in Minsk Qrupunun tamamilə ləğvi də Azərbaycan tərəfindən qaldırılan əsas məsələlər sırasındadır.

Qaldırılan hər üç məsələyə Ermənistan tərəfindən aydınlıq gətirilməli və bu proseslər öz həllini tapmalıdır. Bundan əlavə, əsas problemlərdən biri də, şübhəsiz ki, Zəngəzur dəhlizinin açılmasıdır. Bu məsələ ilə bağlı Ermənistanın mövqeyi artıq məlumdur”.

Arzu Nağıyev vurğulayıb ki, Zəngəzur dəhlizi ilə bağlı mövcud problemlər, eləcə də Rusiya, İran və digər ölkələrin bu məsələdəki mövqeləri hələ də açıq qalır.

O, qeyd edib ki, Azərbaycanın birmənalı şəkildə təkidi və tələbi Zəngəzur dəhlizinin açılmasıdır:

“Son vaxtlar ABŞ tərəfindən səsləndirilən bəyanatlarda qeyd olunur ki, Zəngəzur dəhlizinə nəzarət etmək ehtimalı mövcuddur. Bu kimi məsələlərə, təbii ki, aydınlıq gətirilməlidir. Hazırda bir çox ölkə bu danışıqlarda vasitəçi rolunu öz üzərinə götürmək üçün ciddi şəkildə çalışır.

Bundan əlavə, Ermənistan Konstitusiyasında nəzərdə tutulan dəyişikliklərin necə həyata keçiriləcəyi və bu siyasi proseslərə Ermənistan seçicisi ilə vətəndaşlarının münasibəti də diqqət mərkəzindədir. Paralel olaraq, danışıqlarda Türkiyənin rolu və Orta Dəhlizin regionda və beynəlxalq səviyyədə yarada biləcəyi müsbət təsirlər də əsas müzakirə mövzularından biri olacaq. 

Düşünürəm ki, bu görüş iki ölkə rəhbəri arasında son dövrlərdə yaranmış bir sıra gərginliklərin aradan qaldırılması və məsələlərə aydınlıq gətirilməsi baxımından mühüm imkan yaradacaq”.

Arzu Nağıyevin fikrincə, 2026-cı il seçkilərinə qədər sülh müqaviləsi imzalanmayacaq:

 

“Əsas problemlər hələ də qalmaqdadır. Əgər Ermənistan Konstitusiyasında zəruri dəyişikliklər edilməzsə, bu məsələ yenidən gündəmə gələ və nəticədə saziş Ermənistan parlamentində ratifikasiya olunmaya bilər. Bu halda, sülh müqaviləsinin imzalanması da 2026-cı il seçkilərindən sonrakı dövrə qala bilər.

Yəni, sülh müqaviləsinin imzalanması 2026-cı ilin ikinci yarısında və ya hətta 2027-ci ilə də keçə bilər. Bu proses Ermənistandakı daxili siyasi vəziyyətin, eləcə də Avropa İttifaqı, Qərb və Rusiya təsirlərinin nəticəsindən asılıdır. Hazırda Azərbaycan öz daxili və xarici siyasətini müstəqil şəkildə həyata keçirir.

Cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, həm xarici, həm də daxili siyasətdə islahatlar davam edir. Bu proseslərdə əsas rolun Azərbaycana məxsus olduğu açıq görünür və bu, aparılan stabil siyasətin bariz göstəricisidir”.

 

Şəbnəm Rəhimova

Gununsesi.info