Xaricdəki səfirlərimiz Xankəndidə - FOTOLAR

  • By Admin2
  • 09 İyul 2025 14:53

Diplomatik xidmət orqanları rəhbərlərinin “Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda təşkil olunan IX müşavirəsinin iştirakçıları Xankəndi şəhərinə səfər ediblər.

Gununsesi.info Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinə istinadən xəbər verir ki, nümayəndə heyəti Xankəndinin mərkəzi hissəsi ilə tanış olaraq şəhərdə aparılan genişmiqyaslı tikinti-quruculuq işləri ilə yaxından maraqlanıblar.

Daha sonra Qarabağ Universitetində diplomatik xidmət orqanları rəhbərlərinin IX müşavirəsinin xüsusi sessiyası keçirilib.

Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib ki, Xankəndi şəhərinin təməli Qarabağ xanlığı tərəfindən 1823-cü ildə qoyulub. Ermənilər 1923-cü ildə rus imperiyası tərəfindən bu qədim Azərbaycan torpağında yerləşdiriliblər.  Azərbaycan ordusunun apardığı lokal xarakterli antiterror əməliyyatları zamanı 100 ildən sonra – 2023-cü ildə tarixi ədalət bərqərar olub: “İşğaldan azad edildikdən sonra Xankəndi şəhəri yeni bir görkəm alır. Xankəndi gənclər və tələbə şəhəri kimi formalaşır. Biz inanırıq ki, Qarabağ Universiteti tanınmış alimlər, mütəxəssislər yetişdirəcək. Yaxın zamanlarda dünyanın ən yaxşı ali məktəblərindın biri olacaq. Bu gün Xankəndi  Beynəlxalq tədbirlərə ev sahibliyi edir. Qədim Azərbaycan şəhərində aparılan genişmiqyaslı bərpa işləri qəlbimizdə fərəh hissini daha da artırır”.

Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin Xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov deyib ki, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq prosesi Azərbaycanın gücünü, strateji baxışını və idarəetmə qabiliyyətini nümayiş etdirir: “Azərbaycanın həyata keçirdiyi “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə və könüllü qayıdışı təmin edilir. Azad olunmuş torpaqlarda hər bir ailə üçün layiqli yaşam şəraiti yaradılır. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında 13 minə yaxın şəxs məskunlaşıb. Bunlar həm keçmiş məcburi köçkünlər, həm də dövlət və özəl sektorda çalışanlar və onların ailə üzvləridir”.

Qeyd edək ki, tədbir Qarabağ Universitetinin incəsənət korpusunda davam etdirilib. Qonaqlar Universitet heyəti tərəfindən hazırlanmış konsert proqramına tamaşa ediblər.