
ABŞ Koreya yarımadasında hərbi hazırlığı artırmaq üçün özünün təkmilləşdirilmiş F-16 donanmasını Cənubi Koreyaya yerləşdirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ Şimali Koreyanın nüvə təhlükələrinə qarşı çıxmaq üçün Cənubi Koreyaya təkmilləşdirilmiş F-16 qırıcılarından ibarət eskadron yerləşdirib.
ABŞ Hərbi Hava Qüvvələrinin 51-ci Qırıcı Eskadrilyasından verilən açıqlamaya görə, Yaponiyadakı Misava aviabazasından gətirilən bu təyyarələr iyunun 26-27-də Osan aviabazasına eniş edib.
Qabaqcıl sistemlərlə təchiz edilən F-16-lar beşinci nəsil döyüş təyyarələrinə yaxınlaşan imkanları ilə seçilir. Bu, həm sağ qalma qabiliyyətini, həm də silah sistemlərinin dəqiqliyini əhəmiyyətli dərəcədə artırır.
Keçən yay ABŞ qüvvələri Osan bazasında ilk “super F-16 eskadronu” yaratmışdı. Oktyabrda həmin bazada ikinci super eskadronun yaradılması planlaşdırılır.
Hər bir eskadronda 31 döyüş təyyarəsi olacaq. Bu genişləndirilmiş eskadrilyaların məqsədi Koreya yarımadasında hərbi hazırlıq səviyyəsini və döyüş qabiliyyətini artırmaqdır.
Orxan