
Suriyada devrilmiş Bəşər Əsəd rejimi zamanı zorla yoxa çıxan və uşaq evlərindəki şəxsiyyəti məlum olmayan uşaqların taleyini üzə çıxarmaq üçün komitə yaradılıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Sosial Məsələlər və Əmək Nazirliyində keçirilən mətbuat konfransında çıxış edən Komitənin mətbuat xidmətinin rəhbəri Rağda Zeydan görüləcək işlər barədə məlumat verib.
Suriyada yeni hökumət dövründə devrilmiş Əsəd rejimi dövründə Sosial İşlər və Əmək Naziri vəzifələrində çalışmış iki şəxsin müxtəlif qanun pozuntularına görə həbs edildiyini bildirən Zeydan, “Bu şəxslərin sözügedən pozuntularda iştirak etdiyini göstərən dəlillərimiz var” deyib.
Uşaq evlərindəki bəzi uşaqların şəxsiyyətini müəyyən etmək üçün DNT analizlərinin gündəmdə olduğunu və hazırda komitənin sahə araşdırması yolu ilə məlumat toplama mərhələsində olduğunu bildirən Zeydan, “Devrilmiş rejimin buraxdığı ən böyük maneələrdən biri də itkin düşən uşaqlarla bağlı rəsmi sənədlərin və məlumatların olmamasıdır” deyib.
Komitənin itkin uşaq faylı çərçivəsində işlərini davam etdirəcəyini bildirən Zeydan, bütün uşaqların şəxsiyyətlərinin müəyyənləşdirilməsi və taleyinin ortaya çıxması üçün çalışacaqlarını bildirib. Devrilmiş Əsəd rejimi tərəfindən həbsxanalarda saxlanılan və zorla saxlanılaraq yoxa çıxanların yaxınlarının vəziyyətini araşdırmaq üçün komitənin yaradıldığı da açıqlanıb.
Orxan