
Əlbəttə, “vicdan nədir?” sualı verilsə, hər kəs hansısa formada doğru cavab verə bilər.
Ancaq doğrudan, nədir vicdan? Ümumiyyətlə, vicdan anlayışı necə formalaşıb, varmı? Bəlkə, bu, həm də bir yalan, illuziya və başqa nələrsədir?
Məsələn, belə də demək olar:
“Vicdan insanın daxilindəki səsdir”.
Bəs bu səs ədalətli, birmənalı şəkildə doğrudurmu? Bəlkə, bu da insanın özünə, seçiminə qarşı müdafiə instiktidir? Məsuliyyətdən azad olmaq formasıdır? Vicdanın səsinə qulaq asmaq zəiflik əlaməti ola bilərmiY
Dini baxımdan vicdanı da insana Allah verir, yəni, həm də fitrətdəndir.
Psixoloji yanaşsaq, vicdan eqoizmdir, içindəki cəmiyyət anlayışı, kodlarla ayaqlaşmaqdır.
Məsələn, Nietzsche də deyir, vicdan sadəcə və sadəcə bir illuziyadır, güclülər vicdan anlayışı ilə zəifləri idarə edir.
Vicdan həm də sosial nəzarətdir. Vicdanın səsinə qulaq asmaq qorxu da ola bilər. Bu da bir növ idarəetmədir, əslində. Təbiətcə və mahiyyətcə vəhşi olan insanı müəyyən əməllərdən çəkindirən anlayışdır.
Vicdan cəmiyyət üçündür, göstərişdir. Məsələn, adada tək yaşayan insana vicdan lazım ola bilərmi? Onu görən, əməllərini, sözlərini sorğulayan başqa insan yoxdursa, o, vicdanı nə edəcək? Necə və ya nə cür istifadə edəcək? Vicdan bu baxımdan kollektiv şüurdur. Bu, həm də “Avtoritar vicdan”dır.
Vicdan həm də insanın hansısa formada əsl niyyətini, mənafeyini gizlətmək üçün olan bir nəsnədir. Məsələn, yaxşılıq edərək vicdanını rahat etmək də bir növ eqoizmdir.
Əgər müasir dövrdə də cəmiyyət, dövlət anlayışı olmasa, Hobbsun təbirincə desək, insan insanın canavarına çevrilə bilər. Çünki belə məqamda o, öz gücünü nümayiş etdirmək, artırmaq üçün hərəkətə keçəcək.
Əslində, belə də demək olar:
“İnsan məcburiyyət qarşısında qalanda vicdanlı olur”.
Yaxud da, belə:
“Vicdan həm də natamamlığın, qorxunun həqiqiliyə maska tutmaqdır”.
Bəlkə də, vicdan dünyada ən yaxşı yalandır.
Orxan Saffari