Xankəndidə müəllim kimi işləmək istəyirəm, amma imkan verilmir

Keçmiş məcburi köçkün Xankəndi şəhərində müəllimə işləmək istəyir. 

Gununsesi.info-ya müraciət edən hazırda Daşkəsən rayonunda müəllim kimi çalışan Mətanət Süleymanova  Xankəndi şəhərində müəllim kimi işləmək arzusunun gerçəkləşmədiyini bildirib.

Mətanət Süleymanova qeyd edir ki, 2016-cı ildə Gəncə Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə ali təhsil alıb və 2017-ci ildən Daşkəsən rayon Çanaqçı kənd tam orta məktəbində müəllim kimi çalışır. O, həm müəllimlərin işə qəbul imtahanında, həm də sertifikasiyada müvəffəqiyyətlə iştirak etdiyini və 8 illik pedaqoji fəaliyyəti ərzində heç bir irad və ya intizam tədbiri ilə üzləşmədiyini bildirir.

M.Süleymanova bildirir ki, Qarabağ, xüsusilə Xankəndi şəhəri illər boyu onun üçün əlçatmaz bir arzu olub. Lakin bu gün Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində azad edilən torpaqlarda yenidən həyat başlayıb və o da bir müəllim olaraq bu prosesə qatılmaq istəyir:

“Bir müəllimə kimi işğaldan azad olunmuş Xankəndi şəhərində yaşamaq və işləmək mənim üçün həm peşə, həm də vətəndaşlıq borcudur. Bu arzumu gerçəkləşdirmək üçün Prezidentə müraciət etmişəm. Çox istərdim ki, bu vətənpərvər istəyimə dəstək verilsin”.

Müəllimə bildirir ki, bu məsələdə müvafiq qurumlara – o cümlədən Elm və Təhsil Nazirliyinə də müraciət edib, lakin hələ ki konkret cavab ala bilməyib.

Mətanət Süleymanova hesab edir ki, şəhidlərin canı bahasına azad edilən Xankəndi və digər ərazilərdə ilk növbədə peşəkar və vətənpərvər yerli mütəxəssislərə üstünlük verilməlidir:

“Tək istəyim odur ki, doğma yurdlarımıza qayıdış prosesində mən də öz bilik və təcrübəmlə iştirak edim. Bu, mənim üçün həm mənəvi məsuliyyət, həm də böyük qürurdur”.

 

 

 

Gununsesi.info