
Almaniyada bazarda olan məşhur mineral su markalarının bəzi partiyaları bakterial çirklənmə şübhəsi səbəbindən təcili olaraq geri çağırılıb. İstehlakçılara “içməyin” xəbərdarlığı edilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Almaniyada geniş şəkildə istehlak edilən bəzi mineral su markalarında bakterial çirklənmə aşkar edilib. Xüsusilə, GUT&GÜNSTIG, GOOD&CHEAP və Naturalis markaları altında olan müəyyən məhsul partiyaları üçün “İstehlak qətiyyən tövsiyə edilmir” xəbərdarlığı edilib.
Roxane GmbH tərəfindən edilən şərhdə, Clara və Jessen qaynaqlarından doldurulan məhsullarda bakterial çirklənmənin aşkar edildiyi ifadə edildi. Çirklənmənin təfərrüatları hələ açıqlanmasa da, mütəxəssislər belə halların ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyinə diqqət çəkiblər.
Geri çağırılan məhsulların ümumiyyətlə 2026 və 2027-ci illər arasında istifadə müddəti var. Bu məhsullar yalnız EDEKA, Marktkauf və Netto supermarketlərində satılıb.
Butulkanın üzərində yazılan mənbə məlumatı və son istifadə tarixləri yoxlanılmalıdır. Məhsulun geri qaytarılması hətta qəbz təqdim edilmədən də həyata keçirilə bilər. Mütəxəssislər bildirirlər ki, istehsalçı və bazar məlumatları bütün istehlakçılara çatmaya bilər. Buna görə də, təsirlənmiş məhsulları istehlak etməzdən əvvəl şüşə etiketləri mütləq yoxlanılmalıdır.
Orxan