“Tərəflər sülh sənədini imzalaya bilər” -SƏDRƏDDİN SOLTAN

İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında növbəti ikitərəfli görüş keçiriləcək.

Azərbaycan Prezidentinin Mətbuat Xidməti də bu görüş barədə rəsmi məlumat yayıb.

Gözlənilir ki, görüşün əsas müzakirə mövzusu Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi olacaq.

Ermənistan tərəfi isə bildirib ki, Nikol Paşinyan artıq iyulun 9-da Əbu-Dabiyə səfər edib.

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Gununsesi.infoya açıqlamasında bildirib ki, tərəflər yaxın gələcəkdə sülh sazişi ilə bağlı ilkin sənədi imzalaya bilərlər:

“Azərbaycanla Ermənistan arasında sülh prosesində bir sıra razılaşdırılmamış məsələlər mövcud idi. Lakin son günlərdə bu istiqamətdə irəliləyiş müşahidə olunur. Prezidentin köməkçisi Elçin Əmirbəyovun verdiyi məlumata görə, artıq sülh sazişinin mətnində razılıq əldə olunub.

İlkin sənədin imzalanması həm Ermənistan, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Bu sənəd perspektivdə Azərbaycanın irəli sürdüyü – daha dəqiq desək, Ermənistandan tələb etdiyi bir sıra məsələlərin reallaşmasına zəmin yarada bilər.

Söhbət ilk növbədə Zəngəzur dəhlizinin açılması və Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların pozulmuş hüquqlarının bərpasından gedir.

Həmçinin ilkin razılaşma və ya sənədin imzalanması bölgədə sərhədlərin aydınlaşdırılması, etimadın qurulması və demokratik proseslərin sürətlənməsi baxımından da müsbət təsir göstərə bilər. Bu görüş, eyni zamanda, Azərbaycanın irəli sürdüyü təkliflərin və təşəbbüslərin – xüsusilə regional və qlobal təhlükəsizliyin təmin olunmasına yönələn səylərin həyata keçirilməsi baxımından da vacibdir”.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info