
Kürdəmir rayonunda 36 yaşlı oğlan həyat yoldaşına xəsarət yetirib.
Gununsesi.info xəbər verir ki, hadisə bu ilin aprelin 22-də Kürdəmir rayonunun kəndlərinin birində baş verib.
Kənd sakini, 1989-cu il təvəllüdlü Əhməd Babayev həmin gün gecə saat 2 radələrində birgə yaşadıqları evdə arvadı Sevil (ad-soyad şərti verilib – red.) ilə azyaşlı qızına lazımi qayğı göstərməməsini irad tutub.
Bu səbəbindən onların aralarında ailə münasibətləri zəminində mübahisə yaranıb. Mübahisə zamanı yumruqla arvadının sol göz nahiyəsindən, daha sonra isə baş və bazu nahiyələrindən bir neçə dəfə zərbələr vurub.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əhməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, 2019-cu ildə həmkəndlisi və qonşusu olan zərərçəkmiş şəxs ilə ailə həyatı qurub: “Birgə nikahdan iki azyaşlı qızlarımız var. Bizim əvvəllər də sözlə mübahisələrimiz olub. Sonuncu dəfə aprelin 22-də, gecə saat 2 radələrində Sevil ilə birgə yaşadığımız evdə olan zaman qızlarımızın ikisi də ağladı. Arvadım uşaqları sakitləşdirə bilmədiyindən, həmçinin qızlarından birinin xəstə olması səbəbindən böyük qızımı mənə verməsini, anama verəcəyimi dedim. Lakin uşağı vermədiyinə görə aramızda mübahisə yarandı. Əsəbləşdiyim üçün ona 2-3 dəfə şillə vurdum”.
Müttəhim qeyd edib ki, səhəri gün Sevil birgə yaşadıqları evdə olub: “Lakin arvadım axşam saatlarında öz istəyi ilə uşaqlarla birlikdə qonşuluqda yaşayan atasının evinə getdi. Sonradan Sevilin döyülməyi barədə ərizə yazaraq Kürdəmir Rayon Polis Şöbəsinə məlumat verməsini öyrəndim. Əməlimdən peşman olmuşam”.
Təqsirləndirilən şəxs bildirib ki, arvadı aralarında yaranmış mübahisə özünə məxsus evinin olmaması, ata evində qalması səbəbindən yaranıb: “Hazırda özümə başqa yaşayış evi tikirəm, yaxınlarda həmin evin tikintisini başa çatdıracam. Bundan əvvəl 2021-ci ildə arvadımı döyərək xəsarət yetirdiyim üçün barəmdə Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılıb. Lakin barışdığımız üçün həmin işə xitam verilib”.
İş üzrə dindirilən zərərçəkmiş Sevilin sözlərinə görə, aprelin 22-də gecə vaxtı Əhməd səs-küylə evə gəlib: “Bu səbəbdən uşaqlar oyanaraq ağladılar. Həm də uşaqlarımdan birinda allergiya xəstəliyi olduğundan ağladı. Əhməd uşaqların sakitləşdirməyimi istədi. Lakin uşaqlar sakitəşmədiyi üçün əsəbləşdi. Mənə həm şill, həm də yumruq vurdu. Mən də ərimin anasının yanına qaçdım ki, məni vurmasına maneə olsun. Səhər açıldıqdan sonra qayınanam mənimlə mübahisələşməyə başladı ki, uşağı niyə ağlamağa qoyursan. Mən də uşağın allergiyası olduğu üçün ağladığını bildirdim. Buna baxmayaraq mənimlə mübahisəni davam etdirdi. Daha sonra uşaqlara yemək yedizdirərkən qayınanam süfrəni dağıtdı, məndən evdən getməyimi dedi. Mən də uşaqlarımı götürərək evdən getdim”.
Bu cinayət işinə Kürdəmir Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Əhməd Babayev 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə yaşayış yeri olan Kürdəmir rayonunun kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonu ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.