
Çox yəqin, hər kəsin həyatda tanıdığı yaxşı insan, daha dəqiq, mütəmadi yaxşılıq edən insanlar var.
Ancaq nədir bu yaxşılıq etmək istəyi? İnsan doğrudanmı yaxşılıq edir? Yaxşılıq etməyin hansı altşüur səbəbləri var? Bəlkə, bu, o qədər də yaxşı bir şey deyil? Qarşılıqsız yaxşılıq varmı?
Belə demək olarsa, insan, təbiətcə qarşılıqsız yaxşılıq edə bilməz. Bir çox hisslər kimi, yaxşılıq edə bilmək hissi də sonradan yüklənən hissdir, təbii deyil. Səbəb isə sadədir. İnsan yaxşılıq etdiyi zaman bunu düşünür:
“Mükafat”.
Əlbəttə, burada müxtəlif formalar var. Məsələn, imanlı bir şəxsin yaxşılıq etmək istəyi onun o biri dünya adlı yerdə mükafatlanmaq istəyindən təzahür edir. Bu hiss digər insanlarda da müxtəlif eqoist hisslər üçündür.
Psixoloji yanaşsaq, insan beyni hər zaman mükafat mexanizmi ilə işləyir: dopamin, serotonin yalnız fayda görəcəyimiz şeylərdə aktivləşir. Bu cür məsələləri, əlbəttə, əksər hallarda adam özünə də etiraf etmir. Çünki bunun digər adı içindəki mənfi obrazınla, həqiqi məninlə üzləşməkdir.
Sual olunur: Məsələn, bir adam gizli yaxşılıq edirsə necə?
Əlbəttə, heç bir sual cavabsız deyildir. Bir şəxsin gizli yaxşılıqlar etməsi, onun özünü özlüyündə üstün, mənəvi cəhətdən böyük görməsidir, görmək istəyidir. Əslində, bu, insanın özünə ən böyük mükafatıdır.
Birinə yaxşılıq etməkdə həqiqi niyyət qarşı tərəfin yox, əvvəlcə özünün xoşbəxtliyidir, özünü rahat etmək istəyidir.
Bir çox filosoflar tərəfindən yaxşılıq etməyin fəlsəfi tərəfləri izah olunub. Məsələn, Nitşeyə görə “yaxşılıq” zəiflərin güclülər üzərində nəzarət vasitəsidir. Daha dəqiq, yaxşılığı əxlaqı zəiflər uydurub.
Kierkegaard görə isə, insanın dini və ya etik seçimləri belə, nəticədə öz “mən”ini qurtarmaq üçündür, başqasını yox.
Yaxşılıq etmək istəyi həm də kollektiv şüurdur, mağara təfəkküründən gəlir. Bu, bir növ həyatın nizamını qorumaq üçündür.
Yaxşılıqlar adətən, nə zamansa qarşılıq görmək üçündür. Məsələn, birinin xeyrinə-şərinə daha çox yarımağa çalışmaq istəyi də buradan qaynaqlanır. “Bu gün mən, sabah sən” prinsipi.
Əgər bir adam hansısa məqamda zamanından yaxşılıq etdiyi adamlardan qarşılıq görməsə, onun ilk edəcəyi şey ən yaxşı halda təəssüflənmək, “Axı mən sənə kömək etmişdim” düşüncəsidir.
Bunun digər adı isə “sosial alver”dir.
Yaxşılıq həm də sosial manipulyasiyadır, insanın içindəki vicdan hissi ilə sövdələşməsidir.
Birinə yaxşılıq etmək, ona həm də müddətsiz borc verməkdir. Yəni, bu, fədakarlıqdan daha çox hegemonluq, eqoistlikdir.
Məsələn, bəzən insan bir zaman düşmən olduğu, sevmədiyi adama da hansısa məqamda yaxşılıq edir. Bu, humanizm deyil, həm də “Mən səndən böyüyəm, əsarətdə saxlayaram” kimi hisslərin məhsuludur.
İnsan yaxşılıq eləməklə həm də özünə psixoloji kapital yığır. Ən azı öz düşüncəsi, imanını, inamını sakitləşdirmək üçün. Əlsində, yaxşılıq insanın zəif olduğunu və qarşılığında böyümək istəyinin adıdır.
Bəlkə də, yaxşılığın termini belə olmalıdır:
“Etdiyim bütün yaxşılıqlar özümə görədir, ancaq bunu sənin üçün edirəm”