
“Son vaxtlar Ermənistan hakimiyyətinin atdığı addımlarda müəyyən pozitiv mesajlar hiss olunur. Lakin problem ondadır ki, bu məsələ yalnız Ermənistan hökumətindən asılı deyil. Ölkə daxilində hakimiyyət komandasında da bir mərkəzdənqaçma meyilləri müşahidə olunur”.
Bunu politoloq Samir Hümbətov Gununsesi.info-ya açıqlamasında deyib:
“Buna görə də Ermənistandakı proseslərin tam şəkildə hökumətin iradəsinə uyğun aparıldığını demək çətindir. Paşinyan administrasiyası hər nə qədər sülh istiqamətində müsbət siqnallar versə də, prosesdə müəyyən boşluqların olduğu aydın şəkildə hiss olunur.
Görünən odur ki, Paşinyan vəziyyəti dəyərləndirməyə çalışır və sülh müqaviləsinə nail olmaq üçün ideal fürsət yarandığını düşünür. Lakin Ermənistanın silahlanması ilə bağlı son məlumatlar bu istiqamətdə bədbinlik yaradır.
Bu cür açıqlamalar, əlbəttə, narahatlıq doğurur. Bununla belə, artıq tərəflər arasında sülh müqaviləsinin bəndlərinin razılaşdırıldığı görünür. İndi əsas məsələ onun icrasıdır.
İcra üçün Azərbaycanın irəli sürdüyü bir sıra şərtlər var. Bunlara ATƏT-in Minsk qrupunun buraxılması, Avropa İttifaqının mülki müşahidə missiyasının geri çəkilməsi və Zəngəzur dəhlizinin açılması daxildir. Bu dəhliz təkcə Azərbaycan üçün deyil, Ermənistan üçün də əhəmiyyətli olan, qlobal miqyaslı bir tranzit layihədir.
Əsas odur ki, bu layihənin reallaşması zamanı Azərbaycanın ərazisindən keçidlərdə heç bir maneə olmamalıdır. Əbu-Dabidə keçiriləcək görüşdə bu məsələlərin əsas müzakirə predmeti olacağı gözlənilir.
Artıq sülh müqaviləsinin əsas bəndləri hazırdır. İndi qalan onun icrası və bu icranın təmin olunması üçün şərtlərin yerinə yetirilməsidir. Əsas müzakirə də məhz bu istiqamətdə aparılacaq”.
Şəbnəm Rəhimova