
ABŞ dövlət katibi Marko Rubio bu gün Kuala-Lumpurda ASEAN Xarici İşlər Nazirlərinin Toplantısı çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ Dövlət Departamentinə istinadən məlumat yayıb.
Bu görüş Rubio ilə Lavrovun ikinci üzbəüz söhbəti olacaq və ABŞ prezidenti Donald Trampın Vladimir Putinin Ukraynadakı müharibə ilə bağlı mövqeyindən narazılığının artması fonunda baş tutacaq.
İki diplomat arasında ilk görüş fevral ayında Tramp administrasiyası ikitərəfli münasibətləri bərpa etməyə və münaqişənin həlli ilə bağlı danışıqları asanlaşdırmağa çalışarkən Səudiyyə Ərəbistanında baş tutub.
“Mən təsdiq edə bilərəm ki, belə bir görüşün üzərində iş gedir”, – Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cümə axşamı bildirib.