Qohum evliliklərinin zərərləri ilə bağlı məktəblərdə maarifləndirmə vacibdir -MÖVQE

İyulun 1-dən etibarən qohumlar arasında nikahların bağlanması qanunla qadağan edilib.

Qanuna əsasən, əmioğlu-bibioğlu, dayı və xala uşaqları kimi yaxın qohumlar arasında evlilik artıq mümkün deyil.

Bəs belə bir qadağanın tətbiq olunduğu bir vaxtda uşaqlara bu mövzuda necə düzgün izah verilməlidir?  Məktəblərdə bu barədə maarifləndirmə aparılması vacibdirmi?

Gununsesi.info-ya açıqlamasında psixoloq Sevinc Həbibova deyib ki, qohum evliliklərinin zərərləri ilə bağlı uşaqlar üçün maarifləndirmə proqramlarının hazırlanması və məktəblərdə tətbiqi çox vacibdir.

Onun sözlərinə görə qohum evliliklərinin fəsadları ilə bağlı maarifləndirmə yalnız böyüklər üçün yox, uşaqlarla da aparılmalıdır:

“Bu mövzunu məktəblərdə kiçik yaşlardan etibarən sadə və başa düşülən dillə izah etmək lazımdır. Yaxşı olar ki, məktəblərdə beə proqramlara üstünlük verilsin. Uşaqlar kiçik yaşlarından qohum evliliklərinin yaxşı bir hal olmadığını dərk etsinlər. Düzdür biz məktəbdə uşaqlarla söhbətlərimizdə ailə anlayışı, və sağlam münasibət modeli haqqında danışırıq. Bu günün uşağı, sabah ailə quracaq bir gəncdir. Uşaqlar ailədə gördükləri nümunəni təkrarlayırlar. Buna görə də həm valideyn, həm də məktəb eyni istiqamətdə maarifləndirmə işi aparsa çox yaxşı olar”.

Sevinc Həbibova hesab edir ki, tədris proqramlarında bu kimi mövzulara, müəyyən qədər yer verilməsi müsbət nəticə verə bilər:

“Heç olmasa məktəblərdə bu mövzuda maariflən işləri aparmaq lazımdır ki, sabah ailə qurarkən həm sağlam, həm də şüurlu seçim edə bilsinlər. Xüsusilə bölgələrdə bu istiqamətdə maarifləndirmə daha da gücləndirilməlidir. Çünki qohum evliliklərinin yaratdığı risklər təkcə tibbi deyil, eyni zamanda psixoloji və sosial baxımdan da ciddi nəticələrə yol aça bilər. Uşaqlar gələcəyin valideynləridir. Əgər onlara vaxtında bu cür evliliklərin fəsadları başa salınsa, gələcəkdə daha sağlam və düşünülmüş ailələr quracaqlar. Artıq inkişaf etmiş bir dövrdə yaşayırıq və hər şeyin izahı, yolu var. Bu qərar sadəcə qadağa deyil, gələcək nəsillərin xeyrinə olan bir addımdır. Uşaqlara düzgün nümunə göstərmək üçün həm məktəbdə, həm ailədə eyni mesaj verilməlidir”.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info