
“Naxçıvanda Muxtar Respublikanın saxlanılmasına ehtiyac olub-olmaması ilə bağlı ictimai müzakirələr açılmalıdır”.
Gununsesi.info xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanunu layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, Naxçıvanda həyat səviyyəsi aşağı olub:
“Azərbaycandan ayrı düşəndən Naxçıvanda həmişə həyat səviyyəsi Azərbaycanın digər bölgələri ilə müqayisədə aşağı olub. Bunun bir səbəbi orada əkin sahələrinin az olması və torpağın çox da münbit olmaması idisə, ikinci səbəbi məmurların çoxluğu idi. Ona görə Naxçıvana nazirlər, məmurlar ölkəsi deyirdilər. Və məmur təbəqəsi, bürokratiya orada inkişafında qarşısında ən böyük maneələrdən biri idi”.
Qüdrət Həsənquliyev qeyd edir ki, Naxçıvan Muxtar Respublikasında icra hakimiyyətini Nazirlər Kabineti həyata keçirir:
“Baxmayaraq ki, Azərbaycanın qüvvədə olan Konstitusiyasının 135-ci maddəsinə görə qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasında icra hakimiyyətini Nazirlər Kabineti həyata keçirir və Baş nazir də Prezidentin təqdimatı ilə təyin olunur. Bu səlahiyyətli nümayəndə də Prezidentin xüsusi tapşırıqlarını yerinə yetirən ayrı bir icra orqanıdır. Yəni hər ikisi icra orqanıdır. Yəqin layihə ilə tanış olanda görərsiniz ki, Muxtar Respublikanı məclisin sədri təmsil edir, sonra yerli icra hakimiyyəti başçılarının təyin olunması ilə bağlı təqdimatı o verir və s. Əslində Azərbaycanın özündə də, yəni bir bölgəni, o cümlədən Azərbaycanı da təmsil edən icra hakimiyyətinin başçısıdır. Ona görə də Muxtar Respublikanın təmsilçiliyi Baş nazirdə olmalıdır. Naxçıvan balaca bir yerdir və əvvəllər haradasa başa düşmək olardı, amma indi, həm İran üzərindən qısa yol çəkilir, həm də inşallah yəqin ki, Zəngəzur dəhlizi də tezliklə açılar. Konstitusiyaya görə də Azərbaycan unitar bir dövlətdir. Bu baxımdan orada muxtariyyətin ləğvi məsələsi barədə düşünmək lazımdır”.
Millət vəkili qeyd edib ki, Naxçıvanda istehsal, emal müəssisələri açılmalıdır:
“Naxçıvanda istehsal, emal müəssisələri açılmalıdır, xidmət sahələri yaradılmalıdır və diqqət daha çox bu istiqamətə yönəldilməlidir. Orada da maksimum çalışmaq lazımdır ki, ümumiyyətlə, Azərbaycanın özündə də dövlətin idarəetmə xərcləri azaldılsın, bürokratik aparat maksimum dərəcədə kiçildilsin. Ona görə də mən hesab edirəm ki, bu dəyişiklikləri də Azərbaycanın Konsititusiyasında dəyişikliklər etdikdən sonra etmək olar.