“İranda insanları susdurmaq üçün edam edirlər” -AÇIQLAMA

İran-İsrail münaqişəsi davam edir. Bu gərginlik fonunda İranda müxaliflərə qarşı sərt tədbirlər güclənib.

Bəzi məlumatlara görə, müxaliflər “İsrail casusu” adı ilə ittiham edilərək məhkəməsiz edam olunur.

Bu cür addımlar insan haqlarının pozulması deməkdir.

Məsələ ilə bağlı siyasi şərhçi Tural İrfan Gununsesi.info-ya açıqlamasında bildirib ki, bu kimi hallar bütün beynəlxalq qanunlara və hüquqa ziddir:

“İran–İsrail münaqişəsi fonunda bəzi müxalif şəxslərin İranda “İsrail casusu” adı ilə məhkəməsiz edam edildiyi haqda məlumatlar var. İran tərəfi iddia edir ki, guya həmin şəxslər İsrail kəşfiyyatının agentləri olub. Amma bu, bir qədər müəmmalı görünür. Çünki İsrailin Tehran yaxınlığında demək olar ki, baza yaratdığı, hətta PUA istehsalı ilə məşğul olan qrupların mövcudluğu generalitetin evlərinin vurulması ilə təsdiqini tapdı. Məlumdur ki, bu dərəcədə İranın içinə sızan İsrailin xüsusi xidmət qurumları adi, sıravi İran vətəndaşları ilə bu işi görə bilməzdilər. Şübhəsiz ki, həmin qrupların İranda təhlükəsizliyini təmin edib şərait yaradan hökumət rəsmiləri, rütbəli şəxslər olub.

Amma İran sərhəd xidmətinin məsul şəxslərini, həmin qrupları himayə edən və yerləşdirən ali rütbəli şəxsləri deyil, sadə adamları tutub, məhkəməsiz dərhal edam edir. Casusluq, agentlik elə məsələdir ki, onun sübut olunması üçün istintaq, təhqiqat, məhkəmə araşdırması və hökmü olmalıdır. Bu da müəyyən qədər zaman tələb edən işdir. Çünki ekspertiza və digər mühüm proseslər həyata keçirilməli, sonda hökm icra olunmalıdır.

Hətta həmin şəxslər həqiqətən casus olsalar belə, onları bir günün içində tutub dərhal asmaq doğru deyil. Bu, ya hansısa izləri gizlətmək, yəni həbs olunanların danışmasının qarşısını almaq üçündür, ya da sadəcə müxalif insanları “casus” adıyla edam edirlər. Bu cür addımlar beynəlxalq qanunlara da, İslamın prinsiplərinə də ziddir”.

Tural İrfanın sözlərinə görə, İran hakimiyyəti xalqın ayaqlanmasından narahatdır və insanlarda qorxu yaratmaq üçün belə sərt addımlar atır:

“Hətta yayılan məlumatlara görə, casus adlandırılıb asılan bəzi şəxsləri bundan sonra raketə bağlayıb İsrailə atmaq kimi vəhşi planlar var. Bu isə artıq insanlığa tam zidd addımdır. Əgər istintaq aparılmadan, şahid və sübut olmadan, məhkəmə qərarı verilmədən, hətta apelyasiya hüququ tanınmadan kimisə edam etmək və ya güllələmək halları baş verirsə, bu dövlət siyasəti deyil, açıq-aşkar cinayətdir. Bu faktlar təsdiqlənərsə, beynəlxalq təşkilatların reaksiya verməsi qaçılmaz olacaq. Rejimə qarşı çıxan və ya milli fəalları casus damğası ilə edam etmək xalqın gözünü qorxutmaq məqsədi daşıyır, amma bu, əksinə, narazılığı daha da artırır. 1979-cu ildə Ayətullah Şəriətmədarinin rəhbərliyi ilə baş verən Təbriz üsyanı zamanı da insanları məhkəməsiz asır, hətta elektrik dirəklərindən dar ağacları düzəldirdilər. Təbrizin bombalanacağı hədəsi də eyni məqsədə xidmət edirdi. Bu cür davranışlar o vaxt da var idi, indi də davam edir. Amma bütün hallarda bu addımlar qeyri-insani və qeyri-İslamidir.”

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info