Kəlbəcərin Zar kəndi Azərbaycanın ən müasir kəndlərindən biri olacaq -PƏRVİZ HƏŞİMLİ DOĞMA KƏNDİNDƏN YAZIR...

  • By admin
  • 19 İyun 2025 13:01

Sonuncu dəfə Kəlbəcərə rayonumuzun işğaldan azad edilməsindən 1 il sonra getmişdim.

Həmin səfərlə bağlı qeydlərimi uzun müddət yaza bilmədim. 

Çünki, çox çətin idi, 11 yaşında abad qoyub getdiyim ata yurdumu viran edilmiş görmüşdüm.

O qədər dəhşətli mənzərə ilə rastlamışdım ki, yurdumu azad görməyin sevincini doyunca  yaşaya da bilmirdim.

Uşaqlığımın, ən gözəl xatirələrimin qaldığı kənddə evimizi yandırılmış, məktəbimizi viran edilmiş görmək ağır idi.

Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan doğma kəndim olan Zara girişdə avtomobili saxlayıb, evimizə doğru qaçmışdım.

Mənim səfər yoldaşlarımdan “minaya düşərsən, yoldan çıxma” deyə qışqırıqlarını eşitməzdən gəlmişdim.

Amma Kəlbəcərə budəfəki səfərimdə başqa hisslər yaşadım.

Tanımayanlar üçün xatırladım ki, Zar kəndi rayonun “yuxarı zonası” adlandırılan ərazisindədir.

İstisu ilə qonşu olan Zar kəndinə rayon mərkəzindən bir neçə zolaqlı yol çəkilir. Olduqca müasir tələblərə uyğun  çəkilən bu yolda diqqəti çəkən məqamlardan biri dağlardan, qayalardan süzülən suların vahid kanalda cəmləşdirilməsidir ki, bu da yol infrastrukutunun dağılmaması üçün vacib şərtdir.

Bu kanalın yaradılması həm də bölgənin su təminatının artmasına xüsusi təkan verəcək və su itkisi anlayışı aradan qalxacaq.

Zar kəndinə gedən sərt aşırımlı yollar da düzəldilir.

Kəndə daxil olarkan ilk diqqəti çəkən saysız-hesabsız texnikanın çalışmasıdır.

Zar kəndinin yenidən təməli  Prezident İlham Əliyev tərəfindən 2023-cü ildə qoyulub.

Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsi tərəfindən inşa olunan Zar kəndi ölkənin və dünyanın ən müasir kəndlərindən biri olacaq.

Gununsesi.info-ya  açıqlamasında Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib ki, Zar kəndində ümumilikdə 855 ailənin məskunlaşması planlaşdırılıb:

Birinci mərhələdə kəndə 600-ə yaxın ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək evlərin 131-i ikiotaqlı, 289-u üçotaqlı, 92-si dördotaqlı, 35-i beşotaqlı olacaq. Burada, həmçinin 528 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası tikiləcək”.

Komitə sədri deyib ki, Zar kəndinin böyük turizm potensialı olması da nəzərə alınıb: “Ona görə də gələcəkdə ictimai iaşə obyektləri, hostel və sair nəzərdə tutulur”.

Ötən il Prezident İlham Əliyevin sərəncamı ilə Bəşir Hacıyev Kəlbəcər rayonu üzrə xüsusi nümayəndə təyin edilib.

Rayon sakinlərinin sözlərinə görə, Bəşir Hacıyev mütəmadi olaraq onlarla görüşür, onların təklif və problemlərini dinləyir, həllinə dair müvafiq addımlar atır.

Həmçinin, rayonun bərpası və infrastruktur layihələrinin icrası diqqət mərkəzində saxlanılır. Yerli əhalinin doğma yurdlarına qayıdışı və sosial şəraitinin yaxşılaşdırılması istiqamətində də işlər görülür.

Qeyd edək ki, Zar kəndihə tərəfdən əhatə olunmuş dağların arasında böyük bir düzənlikdə yerləşir.

Kəndin bir hissəsi Göyçə mahalı, digər hissəsi isə Dərələyəz Mahalı ilə əhatə olunub.

Zar kəndi həm də böyük yaylaq sahələrinə malikdir.

Bu gün ölkənin müxtəlif bölgələrindən on minlərlə mal-qara Zar yaylaqlarına yerləşdirilib.

Bu kəndin tikintisi ilə məşğul olan “Amazone” şirkəti isə, burada çalışan işçilər üçün ən xırda detalları da nəzərə alıb.

Elə adıçəkilən kəndin sakinlərindən də ibarət olan tikinti briqadasının burada  gecələməsi və qidalanması üçün hər bir şərait yaradılıb.

Zarın qurulmasında çalışan kənd sakinləri deyir ki, böyük həvəslə bu prosesdə yer alıblar.

Yenidən qurulan Kəlbəcərdə diqqəti çəkən məqamlardan biri də bu rayonun yaşıl enerji zonasına çevrilməsidir.

Yaşıl enerjiyə keçidin sürətləndirilməsi, atmosferə atılan karbon qazının miqdarının azaldılması, təbii qaza qənaət edilməsi, ekoloji cəhətdən təmiz enerji istehsalı üçün Kəlbəcər rayonunda da kompleks işlər həyata keçirilir.

Dövlət başçısının işğaldan azad edilən ərazilərin yaşıl enerji zonasına çevrilməsi ilə bağlı strategiyasına uyğun olaraq, Kəlbəcər rayonunda 2022-ci ildə 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası (KSES), 2023-cü ildə 8,33 MVt gücündə “Çıraq-1”, 3,6 MVt gücündə “Çıraq-2”, 6,33 MVt gücündə “Qamışlı”, 5,3 MVt gücündə “Soyuqbulaq”, 3,4 MVt gücündə “Meydan” KSES-ları, 2024-cü ildə isə 22,5 MVt gücündə “Yuxarı Vəng” Su Elektrik Stansiyası və 4,3 MVt gücündə “Zar” KSES istifadəyə verilib. Qeyd edək ki, “Yuxarı Vəng” Su Elektrik Stansiyası Vətən müharibəsində Qələbəmizdən sonra regionda yaradılan ən böyük yaşıl enerji mənbəyidir. Gücü 22,5 MVt olan bu SES-də istehsal edilən yaşıl enerji növbəti 5 il ərzində Kəlbəcər rayonunun elektrik enerjisi tələbatını tam ödəyə bilər.

“İstisu” mineral su zavodu haqqında isə hər kəs bilir. Artıq çoxsaylı sakinin çalışdığı bu zavod müasir avtomatlaşdırılmış sudoldurma xətləri və robotlaşdırılmış anbar idarəetmə sistemləri ilə təchiz edilib. İstehsal xətləri Almaniyanın “Krones” şirkəti tərəfindən təchiz edilib və quraşdırılıb. Ən son texnologiyaların tətbiqi nəticəsində zavodda yüksəkkeyfiyyətli mineral su istehsal edilməklə yanaşı, suyun təbii xüsusiyyətlərini qoruyub saxlamaq da mümkün olub. “İstisu” zavodunun illik istehsal gücü 100 milyon şüşə butulkadan artıqdır.

 

 

Pərviz Həşimli

Kəlbəcər/Zar

Gununsesi.info