Stoizm fəlsəfəsi nədir? - Orxan Saffari yazır...

  • By Admin2
  • 19 İyun 2025 14:06
Fəlsəfi məktəblər arasında, çox yəqin, “Stoizm” ən çox unudulan, daha dəqiq, çox da maraq edilməyən bir fəlsəfədir. Ən azı müasir dövr fəlsəfəçiliyində belədir. 
Ancaq Stoizmin fəlsəfədə xüsusi yeri varmı?
Əlbəttə, şübhəsiz, şəksiz.
Bəs niyə bu fəlsəfi düşüncəyə müraciət azdır?
Ola bilər, elə bunun özü də bu fəlsəfi düşüncənin mahiyyətinə uyğun olsun, çünki bu Stoizm özlüyündə daxili səssizliyə, sükuta söykənir, təbliğatdan, emosionallıqdan, səs-küydən uzaqdır. Bu səbəb, yaşadığımız dövrü də “stoik dövrü” adlandıra bilmərik.
Ümumiyyətlə, nədir bu “Stoizm”?
Lori dildə desək, əksər adamlar bunu vecsiz olmaq, heç nəyi düşünməmək, reaksiya verməməklə əlaqələndirir, ancaq əlbəttə, bu, belə deyil. Hətta bu cür yanaşma “Stoizm” fəlsəfəsinə yaddır, onu şərtləndirən nəsnələri inkar edir.
Stoizm, belə demək olarsa, hisslərini idarə etmək, onu tanımaq, uyğunlaşmağı bacarmaqdır.
Məsələn, bir çox fəlsəfi məktəblərin ideyaları həm də belədir:
“İnsan xoşbəxt olmalıdır, xoşbəxt olmaq üçün filan şey etməlisən, onu et, bunu bacar, müdrik ol və.s.”.
Söz yox, istənilən fəlsəfi məktəbin tezislərinin arqumentləri də var. Ancaq Stoizm bu kimi ideyalardan fərqli olaraq deyir:
“Bacarmayacağın məsələlərə girişmə, gücün çatmayacaqsa, mübarizə aparmağa dəyməz”. 
Bir qədər pessimist səslənsə də, belə deyil.
Stoizm baş verən hər şeyin təbii qəbul edilməli olduğunu bildirir. Məsələn, insanın başına bir faciə gələndə, adətən, özünü layiq bilmir və deyir:
“Niyə belə oldu?”, “Niyə mənim başıma gəldi?”.
Stoizm məhz bu hisslərin idarə edilməsini şərtləndirir. “Niyə belə oldu?” yox, təxminən “Olan oldu, bəlkə də, olmalı olan bu idi” deyir.
Ola bilsin, bunlar kənardan quru görsənir, “daha nə oldu, onu təbii qarşıla, buna reaksiya vermə” fikrini aşılayır, ancaq belə deyil. Stoizm emosiyaları idarəetmə bacarığının olmalı olduğunu deyir, baş verən bir hadisədə şikayətlənmək yox, həll etmək lazım olduğunu bildirir.
Stoizm üçün niyyət maraqlıdır, sonluq yox. Ola bilər, sən bir iş görərsən və o alınmaz və yaxud da, elə alınar. Ancaq əsas olan niyyətdir, işdir.
Məsələn, bir yazıçı çox yaxşı bir roman yaza, ancaq bu roman oxunmaya, satılmaya bilər, böyük əksəriyyətin bundan xəbəri olmaya bilər.
Stoizm bu məqamda deyir:
“Əsas olan yazmaqdır, yazı prosesindəki niyyətdir, sonrakı oxucu, satış məsələsi yox”. 
Əslində, məhz ədəbiyyat tarixində bunun- Stoizmin mahiyyəti var. Tarixən də, müasir dövrdə də xeyli ciddi ədəbi nümunələr olsa da, onları çapdan sonrakı talehi o qədər də yaxşı olmayıb, satılmayıb, oxunmayıb. Ancaq bütün bunlar o romandan nəsə alırmı? O işin ciddiyyətinə, niyyətinə, mahiyyətinə kölgə salırmı?
Stoizm pafoslu romantizmin də əleyhinədir deyə bilərik. İnsan təbiəti bəzən məyusluğunu, məğlubiyyətini, uğursuzluğunu, hansısa məqamda zəifliyini romantikləşdirməyi sevir, ancaq Stoizm məhz bunun əleyhinədir.
Stoizm hər məsələdə qərarın sənin, ağlının verməyini təlqin edir. Məsələn, əgər sən çox güclüsənsə, bundan istifadə etməyə də bilərsən, gərək olmaya bilər.
Stoizm bu baxımdan gücün, hisslərin ağılla idarəsini təqdim edir.
Stoizm hissizlik deyil, əksinə, hiss etməkdir, hətta ağrını da, kədəri də. Ancaq bunu təbii şəkildə biruzə verməmək, idrakın ixtiyarına buraxmaqdır məsələ.
Stoizm baş verən hadisələrdən ağılla dərs çıxartmağı irəli sürür. Məsələn, sevgi həyatın alınmayıb? Yanılmısan? Düşünürsən, belə olmalı deyildi, çünki sən fədakarsan və çox sevmisən? Bu qarşılıq sənə layiq deyil? Əlbəttə, bütün bunlar da haqlı ola bilərsən, ancaq Stoizm buradan dərs çıxarmağı, ağılla dərk etməyi bildirir. Demək, sevgi ilə bağlı düşüncələrin, təsəvvürlərin yanlış imiş həqiqətinə gətirir.
Stoizmdə əsəb, kin, nifrət, qəzəb olmaz.
Stoizmdə ancaq və ancaq daxili rahatlıq var.
Stoizmə görə, hisslərin sənə xidmət etməlidir, sən onlara yox.
Stoizmə görə, duyğularına, ağrı-acına əsir düşməməlisən.
Stoizm həm də özünü tanımaq sənətidir.
Stoizmdə səni narahat edən hisslər haqqında düşünməməlisən.
Qısası, “Stoizm nədir?” deyilsə, belə də demək olar:
Stoizm özünə idrakla nəzarət etməyi, idarə etməyi bacarmaq, daxili, ruhani azadlığa çatmaq, qəbul etməyi bacarmaq və vicdanlı olmaq fəlsəfəsidir.
Qeyd: “Stoizmin tarixi”
Stoaçılıq, yəni “Stoizm” Qədim Yunanıstan və Qədim Romada yaranan bir ellinist fəlsəfə məktəbidir.
E.ə. 300-cü ildə Kitiyalı Zenon tərəfindən Qədim Afina aqorasında qurulmuşdur.
Orxan Saffari