
Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Azər Badamov Rusiyaya buraxılmayaraq deportasiya edilib.
Bu hadisə ictimaiyyətdə birmənalı qarşılanmayıb.
Deputat, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev məsələ ilə bağlı partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Gununsesi.info müsahibəni təqdim edir:
– Qüdrət bəy, deputat Azər Badamovun Rusiyaya buraxılmamasını, digər həmkarınız Ramid Namazovun Rusiyanın rəsmi strukturlarına bağlı qrupların Azərbaycana kiber hücumlar təşkil etməsi barədə yaydığı açıqlamanı necə qarşıladınız?
– Böyük təəssüf hissi ilə qarşılaşdım, çünki Rusiya ilə Azərbaycan 2022-ci ildə müttəfiqlik münasibətlərinə dair saziş imzalayıb. Bizi tarixi, humanitar əlaqələr bağlayır. Rusiya bizim qonşumuzdur, o ölkədə 2 milyona qədər soydaşımız yaşayır. Azərbaycan Rusiya ilə dostluq münasibətlərini həmişə yüksək qiymətləndirib. Bu kimi hərəkətlər ölkələrimiz arasında münasibətlərə təsirsiz ötüşmür. Hansısa səbəbdən Azər Badamovun Rusiyaya girişinə qadağa qoyulmuşdusa, ən azından Azərbaycana bu barədə xəbərdarlıq edilməli idi. Bunu dövlətlərarası münasibətlərin indiki səviyyəsi tələb edir. Azərbaycan Xarici İşlər Nazirliyi dərhal bu məsələyə münasibət bildirib və biz, Rusiya tərəfinin cavabını gözləyirik. Rusiya prezidenti Azərbaycana qarşı dostluq münasibətlərini zədələyən bu cür təxribatların qarşısını almalı, həmin təxribatları törədənlərin və təşkilatçıların müəyyən olunub cəzalandırılmasını təmin etməlidir.
– Bu təxribat Azərbaycan Respublikası Prezidentinin Moskvaya səfərinin təxirə salınmasına səbəb ola bilərmi?
– Prezident qərar verəcək, amma mən düşünmürəm ki, buna ehtiyac var. Əksinə, düşünürəm həm bu məsələlər, həm də sərnişin təyyarəmizin vurulmasında təqsirli olan şəxslərin cəzalandırılması məsələsi ən yüksək səviyyədə, Rusiya prezidenti qarşısında qaldırılmalıdır.