
Ağ rəng istisna hallar hesaba alınmazsa, demək olar ki, bütün dünyada, eləcə də dünya bayraqlarının üzərində olan ağ rəng sülhü, saflığı, paklığı, düzlüyü, mübarizliyi, müstəqilliyi, ehtiramı, xoşbəxtliyi, aydınlığı, ümidi təmsil edir.
Fərqli cür də xarakterizə edilə bilir. Məsələn, Avropa ölkələrində ağ rəng cavanlığı, təmizliyi, bir sıra Şərq ölkələri, o cümlədən Yaponiyada və Çində matəmi və təhlükəni bildirir.
Ağ rəngə “ana rəng” də deyirlər. Çünki məsələn, digər rənglərdə olan parçaları ağ rəngli etmək mümkün deyil, ancaq ağ rəngli hər bir nəsnəni boyalar vasitəsi ilə müxtəlif rənglərlə rəngləməkdə heç bir çətinlik olmur.
Ağ bayraq sadəcə bir parçadır, yoxsa müharibələri dayandıran bir işarədir?
Ağ bayraq dalğalananda niyə çoxumuzun ağlına sülh və ya təslim olmaq gəlir?
Bəli, ağ bayraq çoxumuzun bildiyi müharibənin başa çatması, danışıqların aparılması nişanıdır, həmçinin təslim olmaq mənasını da bildirir.
Bu simvol əslində, düşündüyünüzdən daha maraqlıdır. Hər zaman sülh anlamına gəlmir. Roma dövründə insanlar tanrılardan mərhəmət diləmək üçün ağ paltar geyinərdilər.
Eramızdan əvvəl 200-cü və eramızın 69-cu illərində döyüşmək istəməyən tərəflər əllərində ağ yun lentləri və zeytun budaqlarını götürüb ortaya çıxardılar. O dövrdə ağ Aralıq dənizi xalqı üçün müqəddəs rəng idi. Müharibədə bu rəngi geyinmək “bizi qoruyun deməyin” səssiz, lakin ən güclü yolu idi. Hətta bəzi xalqlar heyvan bağırsaqlarından belə tikilmiş ağ bayraqlardan istifadə edirdilər.
Amerika vətəndaş müharibəsində general təslim olarkən yanında ağ bayraq yox idi. O yanındakı zabitin ilk tapdığı mətbəx dəsmalını dalğalandırmışdı.
1899-cu ildə Haaqa Konvensiyası (əsgərlərin hüquq və vəzifələrini müəyyən edən qanun kimi qəbul edilir G.H) ilə artıq ağ bayraq daşıyanlara zərər verilməməsi bir müharibə qaydasına çevrildi. Ancaq bu simvoldan pis tərəfə sui-istifadə edərdilərsə, qorunma da ortadan yox olurdu.
1914-cü ilin dekabrında “Milad barışığı”nda (Birinci Dünya Müharibəsində alman qoşunlarının müttəfiqləri ilə öz aralarında razılaşdığı qeyri-rəsmi barışıq idi G.H) alman əsgərləri “kamerad!” (yoldaş G.H),- deyə qışqıraraq, ağ bayraq dalğalandırmaqları anı fransız əsgərlərinin məktublarında da öz əksini tapıb.
Ağ bayraq bəzən sülh, bəzən son ümid, amma hər zaman səssiz bir fəryaddır.
Bu gün də ağ bayraq təslimçilik, atəşkəs və sülh rəmzi kimi təyin olunmaqdadır. Onun bu mənalarda istifadəsi bütün dünyada qəbul edilir.
Günel Həsənova