İrandan Bakıya qaçqın ordusu gələ bilərmi? - Elman Nəsirov şərh edir...

  • By Admin2
  • 17 İyun 2025 12:11

Məlum olduğu kimi, artıq bir neçə gündür, İran və İsrail arasında münaqişə davam etməkdədir. 

Münaqişənin necə bitəcəyi, nəticəsi hələlik məlum deyil, ancaq müxtəlif versiyalar mövcuddur.

Digər bir tərəfdən, münaqişə fonunda ortaya bəzi məsələlər də çıxır. 

Məsələn, İranda 40 milyona yaxın soydaşımız yaşayır və hazırda əhali başqa ölkələrə köçə başlayıb. 

Sual olunur ki, görəsən, oradakı soydaşlarımız Azərbaycana köç edə bilərlərmi? 

Belə olarsa, nələr baş verə bilər?

Məsələ ilə bağlı Gununsesi.info-ya danışan deputat Elman Nəsirov deyir ki, hazırda əsas istəyimiz münaqişənin diplomatik vasitələr, sülh yolu ilə bitməyidir.

“Əvvəla onu qeyd edim ki, Yaxın Şərq hər zaman bir barıt çəlləyidir və elə hər zaman da partlaması təhlükəsi olub. Tarix sübut edir ki, bu yanaşma təsadüfi deyil. Artıq yenidən vəziyyət kritik həddə çatıb. İsrail-İran arasında davam edən bu qarşıdurmanın qarşısı alınmasa, sərhədləri daha da genişlənə, Üçüncü Dünya Müharibəsini labüd edə bilər. Ona görə də böyük güclər bu məsələdə konkret mövqe ortaya qoymalıdırlar. Bu münaqişə həm də dünyada ciddi enerji böhranına səbəb ola bilər. Hətta bir barel neftin qiymətinin 250 dollara çatacağı gözlənilir. Bu, o halda ola bilər ki, İran Hörmüz boğazını bağlayar…”

O, həmçinin deyib:

“Təbii ki, Azərbaycan dövləti bu prosesi diqqətlə izləyir. Xarici İşlər Nazirliyinin bu barədə bəyanatı var və həmin bəyanətda bu münaqişənin tezliklə sülh yolu ilə, dillomatik vasitələrlə tənzimlənməsi ideyası dəstəklənir, xüsusi ilə də mülkü obyektlərin və mülkü əhaliyə qarşı güc tədbiqinin qarşısının alınması məsələsini Azərbaycan tərəfi irəli sürür, bu ideyanı müdafiə edir”.

Elman Nəsirov son olaraq qeyd edib:

“Bizi narahat edən səbəblərdən biri də onunla bağlıdır ki, orada 40 milyona yaxın soydaşımızın yaşayır. Üstəlik, Tehrandan müxtəlif ölkələrə əhalinin köçü başlayıb. Mətbuatda belə fikirlər də var ki, onlar ölkəmizə gələ bilər. Nəzərə almaq lazımdır ki, quru sərhədlərimiz bağlıdır. O cümlədən də İranla. Təhlükəsizlik məsələlərindən çıxış edilərək bu addımlar atılıb və Azərbaycan qaçqının nə olduğunu gözəl bilir. Ermənistanın təcavüzü nəticəsində bir milyondan çox məcburi köçkün və qaçqının ağır taleyi, düşdüyü fəlakətlər hər kəsə bəllidir. Azərbaycan bunu digər dövlətlərdən daha yaxşı bilir. Çünki illərlə öz üzərində hiss edib. Əsas mübarizəmiz hazırda onunla bağlıdır ki, tezliklə münaqişənin həlli yolları tapılsın. Elə şərait yaransın ki, İrandan əhali ölkəni tərk etmək niyyətindən daşınsın. Bunun da yolu münaqişənin diplomatik olaraq həll olunmasıdır. Qaçqın ordusu böyük fəlakətdir. Çünki onların üz tutduğu ölkələrdə qiymətlər qalxır, cinayətlər artır, terror təhlükəsi yaranır və.s. Gələn əhalinin içində çirkin niyyətləri olan insanlar da olur və bu da istənilən ölkəyə təsir görsənir. Hazırda quru sərhədlərin bağlı olması təhlükəsizliklə bağlıdır. Azərbaycan dövlətinin isə mövqeyi bəllidir”. 

Orxan

Gununsesi.info