Qaçqın axını olmayacaq, bəsit “falçı” proqnozlarının heç bir əsası yoxdur - Elçin Mirzəbəyli

  • By Admin2
  • 17 İyun 2025 14:52

İsrail tərəfi iyunun 13-dən etibarən İranın nüvə obyektlərinə və yüksək vəzifəli şəxslərinə irimiqyaslı hərbi əməliyyatlara başlayıb.

Hazırda davam edən döyüşlərin nəticəsi tam bəlli deyil.

Kimisi bunun tezliklə dayanacağını deyir, kimisi Üçüncü Dünya Müharibəsinin başladığını, kimisi də İran rejiminin süqut edəcəyinə qədər davam edəcəyini.

Gedişatı isə, əlbəttə, zaman və siyasət göstərəcək.

İsrail-İran müharibəsi fonunda Azərbaycan tərəfi üçün gündəmə gələn bir mövzu da var.

İranda yaşayan 40 milyona yaxın soydaşımızın olduğunu nəzərə alsaq, görəsən, onları qaçqın kimi Azərbaycana gəlmək ehtimalları varmı?

Doğrudur, quru sərhədlərimiz bağlıdır, ancaq Naxçıvanla bu gəliş mümkün olan variantdır.

Üstəlik, onu da nəzərə almaq lazımdır ki, son dövrlər İran vətəndaşları Azərbaycanda kütləvi olaraq evlər almağa başlayıblar və bunun özü də iqtisadi təsirdir.

Mövzu ilə əlaqədar olaraq Gununsesi.info saytına Milli Məclisin deputatı Elçin Mirzəbəyli danışıb.

“İran ərazisində hərbi əməliyyatların başlandığı ilk gündən “qaçqın axını” ilə bağlı mülahizələr, ən müxtəlif müstəvidə gündəmə gətirilir və təəssüf ki, belə mülahizələrin əhəmiyyətli hissəsi ölkəmizin informasiya məkanına kənardan ötürüldüyünə baxmayaraq, bəzi sosial şəbəkə istifadəçiləri, eləcə də özlərini “ekspert”, “siyasətçi”, “siyasi bloqqer” adlandıran bir sıra məsuliyyətsiz şəxslər tərəfindən tirajlanmaqla yanaşı, məsələ ətrafında süni ajiotaj yaradılır. Öncə qeyd edim ki, Azərbaycan Respublikasının ərazisinə kütləvi qaçqın axınının olacağı barədə səsləndirilən iddiaların, öncəgörmələr, bəsit “falçı” proqnozlarının heç bir əsası yoxdur və olması da mümkün deyil”, – deyə o, bildirib.

Elçin Mirzəbəyli həmçinin deyib:

“Hazırda İsraillə İran arasında davam etməkdə olan müharibə bu ölkələrdən heç birinin quru ərazilərini əhatə etmir və İsrailin İran ərazisinə endirdiyi zərbələrlə bağlı məlumatlardan belə anlaşılır ki, rəsmi Tel-Əviv tərəfindən, yalnız hərbi obyektlər və nüvə tədqiqatlarının aparıldığı laboratoriyalar hədəfə alınıb. Əməliyyatların əhəmiyyətli hissəsi paytaxt Tehranın hava məkanını əhatə edir və bu o deməkdir ki, İsrailin hava hücumları davam edəcəyi təqdirdə, ölkə daxilində müvəqqəti miqrasiyanın baş verməsi ehtimalı var. İranın həmsərhəd olduğu ölkələrin siyasına diqqət yetirsək, bu ölkənin Türkmənistanla sərhəddinin uzunluğu 992 km, Pakistanla 909, Əfqanıstanla 936, İraqla 1458 kilometrdir. Azərbaycanla sərhədin uzunluğu Naxçıvan da daxil olmaqla 790 km. təşkil edir. Türkiyə ilə sərhədin uzunluğu isə 499 kim-dir. Bu sıraya İranın dəniz sərhədlərini daxil etmirəm”.

Elçin Mirzəbəyli miqrasiyaya səbəb olacaq ən böyük təhlükənin nüvə obyektləri ilə bağlı olduğunu bildirir:

“Miqrasiyaya səbəb olacaq ən böyük təhlükə nüvə obyektləri ilə bağlıdır. İranın nüvə obyektləri Nətənz şəhərində (İsfahan ostanı), Buşer (Fars körfəzi sahili), Fordo (Qum şəhərinin yaxınlığında) yerləşir. Çox az ehtimal olunsa da, sözügedən ərazilərdə sızma baş verəcəyi təqdirdə, bu ərazilərdən insanların ətraf bölgələrə köç etmələri mümkündür. Nəzərə almaq lazımdır ki, İran İslam Respublikasının ərazisi 1 648 195 kv. kilometr təşkil edir. Bu nəhəng bir ərazidir və bu göstərici həm də o deməkdir ki, İranın təhlükəli ərazilərə yaxın olan sakinlərinin, müvəqqəti olaraq, elə ölkə ərazisində məskunlaşmaları mümkündür. Bu xüsusda yarana biləcək humanitar problemlərin həllinə isə, şübhəsiz ki, qonşu ölkələr, ilk növbədə isə Azərbaycan, özünün humanist siyasətinin davamı kimi dəstək verəcək. Bütün hallarda, mən proseslərin humanitar böhran səviyyəsinə gəlib çatacağını gözəmirəm. Düşünürəm ki, Azərbaycan qonşu ölkədə baş verənlərlə bağlı bütün ehtimalları nəzərdən keçirib və dost, qardaş ölkələrlə birlikdə koordinasiyalı şəkildə dəyərləndirir”.

Deputat o cümlədən Azərbaycanda ev alan iranlılar məsələsinə də aydınlıq gətirib:

“Azərbaycanda ev alan İran İslam Respublikası vətəndaşlarına gəldikdə isə, onların sayının bəzi resurslarda təqdim olunduğu kimi çox deyil və ölkə qanunvericiliyinə uyğun olaraq, əcnəbilər Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakları olduqları halda, məhz bu xüsusda müvəqqəti yaşamaq hüququ əldə edə bilərlər. Rəsmi statistik rəqəmlər görə, ötən il və bu ilin ilk yarısında Azərbaycanda daşınmaz əmlak əldə edən əcnəbilərin sayı, əvvəlki illərlə müqayisədə xeyli azalıb. Azərbaycanda mənzil sahibi olan şəxslər isə bütün qanuni prosedurlardan keçdikdən sonra ölkəmizdə müvəqqəti yaşamaq hüququ əldə ediblərsə, yaxud edəcəklərsə, bu onların ölkəmizdə “qaçqın statusu” ilə yaşamaları anlamına gəlməyəcək. Bir daha xatırladım ki, ölkəmizdə daşınmaz əmlak sahibi olan əcnəbilərin sayı çox deyil. Onların da əhəmiyyətli hissəsi Rusiya, Gürcüstan və digər ölkələrin vətəndaşları olan soydaşlarımızdır”.

O, son olaraq qeyd edib:

“Bütün bu amilləri nəzərə alaraq, İran İslam Respublikasından ölkəmizə “qaçqın axını”nın olacağını istisna edirəm və bu mövzuda ən müxtəlif iddialarda bulunan şəxsləri də məsuliyyətli olmağa çağırıram.
Eyni zamanda hesab edirəm ki, ölkəmizin qonşuluğunda baş verən hadisələrə, özlərinin məhdud bilgi və təhlil potensiallarından, həmçinin ictimai statuslarından istifadə edərək, zərərli informasiyalar yayan bəzi şəxslərə də peşəkar və etibarlı media resurslarının, həmçinin təcrübəli, milli maraqların sərhədlərini dərk edən ekspert və siyasətçilərin informasiya və təhlillərinə istinad etməyi, yaxud yaxşı bildikləri işlə məşğul olmağı məsləhət görürəm. Ekstrimal vəziyyətlərdə, dövlətin mənafeyi tələb etdiyi təqdirdə hər kəs Vətənin çağırışına uyğun olaraq, əlinə silah alıb düşmənlə döyüşə atıla bilər. Amma bu, həmin şəxslərin peşəkar hərbçi olduqları anlamına gəlmir. Siyasətdə də belədir. Ölkənin rəsmi qurumları, səlahiyyətli şəxsləri ehtiyac duyulduğu təqdirdə, hər zaman olduğu kimi ən dəqiq məlumatları ictimaiyyətə təqdim edəcək, ən doğru strategiyanı da həyata keçirəcəklər”.

Orxan

Gununsesi.info