
“İsrail və İran arasındakı gərgin münasibətlər uzun illərə söykənir. Hər iki ölkə zaman-zaman bir-birinə hücumlar ediblər, zəiflətməyə çalışıblar. Son zamanlar İranın nüvə enerjisi əldə etməsi ilə bağlı İsrail, ABŞ kimi ölkələr ona təsir göstərməyə çalışır. Onların məqsədi İranı nüvəsizləşdirməkdir. Başda ABŞ olmaqla, İranın nüvə silahının olmamağını bəyan ediblər. Bunun üçün bir neçə dəfə görüşlər də keçirilib. İran nüvəni silah kimi yox, atom enerjisi kimi istifadə olunmasını qeyd etsə də, nə İsrail, nə də ABŞ onu səmimi qəbul etməyib”.
Bu sözləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O, həmçinin bildirib ki, son günlər ABŞ və İran arasındakı danışıqlara gedilməsi, onların masaya oturması ümidlər verməyə başlamışdı:
“ABŞ və İranın danışıqlara getməsi, onların masaya oturması ümidlər verməyə başlamışdı. Ancaq elə iki gün öncə dünyanın nüfuzlu nəşrləri qeyd edirdirlər ki, İsrail İrana hücum edəcək, onun nüvə obyektləri vurulacaq, əsas vəzifəli şəxslər zərərsizləşdiriləcək. Bununla bağlı hazırlıqların getdiyi də hiss olunurdu. Məsələn, ABŞ İraqdakı səfirliyi və obyektlərinin təhlükəsizliyini gücləndirmişdi. Artıq İsrailin İrana hücum etməsi, bu hücumda İranın 6 obyektinin vurulması, yüksək çinli hərbçilərin, nüvə alimlərinin zərərsizləşdirilməsi ciddi bir siqnaldır. Bölgədə qaynar mühitin yaranması anonsunu verir. İran bu hücumu özünə müharibə kimi qəbul etdiyini bildirib. Həmçinin qisas alacağını da bəyan edib”.
Deputat eyni zamanda deyib ki, bu hücum regionda onsuz da həssas olan durumu aktivləşdirir:
“İsrailin İrana qarşı bu hərbi əməliyyatı, təbii olaraq, regionda təhlükəsizliklə bağlı həssas olan durumu da aktivləşdirir. İsrailin burada əsas məqsədi İranın nüvə proqramına zərbələr endirməsidir. Digər bir məsələ isə odur, İsrail qeyd edir ki, İranın nüvə silahı ola bilməz. Üstəlik, İsrail İranın nüvə silahı olmasını özünə təhlükə hesab edir və bəyanatda da bunun qarşısının alınması üçün olan hücum kimi qeyd edir. Düşünürük ki, İran, İraq müharibəsindən sonra daha bir böyük hücuma məruz qalıb. Həm obyektlərin vurulması, həm şəxslərin öldürülməsi artıq ciddi nəticələrin olacağından xəbər verir. İran hazırda cavab tədbirləri görməkdədir: dron və raketlər göndərilib. İsraildə də bununla bağlı təhlükəsizlik tədbirləri görülməsinə start verilib. Onu da düşünürük ki, İran mütləq cavab zərbələri endirəcək və bu qarşılıqlı gərginlik həm də müharibə anonsu verir. Bu isə təbii olaraq bölgəyə və oradan uzaq olan ölkələrə də ciddi təsir edə bilər. Azərbaycanla İran qonşudur, orada böyük ciddi müharibənin və digər fəsadların olması arzuolunan deyil. Digər yandan isə, Azərbaycanın digər ölkə olan İsraillə də yüksək münasibətləri var. Biz, təbii olaraq, hər iki ölkənin bu məsələni dinc yolla həll etməli olduqlarını düşünürük. Baş verən bu hadisələr regionda öz nəticəsini verəcək. Dünya onsuz da çalxalanır. Geniş miqyaslı müharibələr gedir. Yaxşı olar ki, məsələ həll olunsun, sülh gəlsin”.
Orxan