100 ildən artıqdır nümayiş etdirilən mumiyanın sirri yenicə açılıb

  • By Admin2
  • 19 İyun 2025 10:24

Misirdə 100 ildən artıqdır nümayiş etdirilən mumiya ilə bağlı indiyədək məlum olmayan daha bir detal ortaya çıxıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Turindəki Misir Muzeyində 100 ildən artıqdır nümayiş etdirilən 5600 yaşlı “Fred” adlı mumiya Qədim Misirdə mumiyalama ənənəsinin düşünüldüyündən 1500 il əvvəl başladığını ortaya çıxarıb.

Journal of Archaeological Science-da dərc edilən yeni araşdırmaya görə, indiyə qədər səhra istisi ilə təbii olaraq qorunduğu düşünülən Fredin, əslində xüsusi bir mumiyalama qarışığı ilə qəsdən qorunduğu anlaşıldı.

Komanda Fredin gövdəsindən və biləyindən götürülmüş kətan sarğı parçaları, həmçinin məzarından tapılan toxunmuş səbət üzərində kimyəvi analizlər aparıb. Təhlillər zamanı məlum olub ki, istifadə edilən balzamın tərkibində bitki yağı, bitki qatranı, aromatik bitki ekstraktları və qızdırılan iynəyarpaqlı qatran var. Bu qarışığın komponentləri min illər sonra fironlar və zadəganlar üçün istifadə edilən mumiyalama üsullarına çox bənzəyirdi.

Tədqiqatın həmmüəllifi, Avstraliyadakı Macquarie Universitetindən misirşünas Jana Cons, əvvəllər də eyni dövrə aid bəzi məzarlardan çıxarılan kətan sarğı parçalarında oxşar izlərlə qarşılaşmışdı. Lakin bu nəzəriyyəni faktiki cisim olmadan sübut etmək mümkün deyildi. Bu səbəbdən Cons və komandası heç bir əlavə konservasiyaya məruz qalmamış və ilkin vəziyyətində bu günə qədər gəlib çatmış Fred üzərində işləməyə qərar verdilər.

Sonrakı mumiyalardan fərqli olaraq, Fredin cəsədi fetal vəziyyətdə tapıldı və orqanları çıxarılmadı. Bununla belə, istifadə edilən qoruyucu balzamın tərkibi minlərlə il sonra Kral Tutanxamon kimi fironların mumiyalanmasında istifadə edilən balzamla demək olar ki, eyni idi. Bu onu göstərir ki, bu, mumiyalama texnikasının inkişafında keçid mərhələsi ola bilər.

Orxan

Gununsesi.info