
İyunun 2-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalamı qəbul edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.
Məlumata görə, qonağı səmimi salamlayan Şeyxülislam Baş katiblə yenidən görüşməkdən məmnunluğunu bildirib.
QMİ sədri bildirib ki, özünün də üzv olduğu bu nüfuzlu təşkilatın bir neçə ay öncə keçirilən illik toplantısında qurumun gələcək fəaliyyət istiqamətlərini müəyyən edən vacib qərarlar qəbul olunub.
Şeyxülislam qeyd edib ki, gələn il Müsəlman Ağsaqqalları Şurasının Bakıda Zirvə toplantısı keçiriləcək.
Yeni seçilən Roma Papası XIV Leo ilə görüşü barədə danışan Baş katib təmsil etdiyi təşkilatla Katolik Kilsəsi arasında əlaqələrin bundan sonra da davam etdiriləcəyinə inamını ifadə edib. Onun sözlərinə görə, Roma Papası ilə Müsəlman Ağsaqqalları Şurası üzvlərinin yaxın vaxtlarda Vatikanda görüşü planlaşdırılır. Şeyxülislamın da iştirak edəcəyi həmin görüş dünyada dinlər arasında anlaşmanın davamlılığı üçün mühüm addım ola bilər.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də müzakirə aparılıb.