AZAL-ın “ərəb saçı”na dönən Naxçıvan böhranı - Muxtar Respublikaya SİMA ilə bilet satışı nə rəqəmsallaşa, nə də sadələşə bildi

Ötən ilin oktyabr ayından  etibarən Naxçıvan istiqamətində uçuşlar üçün aviabiletlərin onlayn satışında yenilik tətbiq edilib. Belə ki, AZAL bu istiqamət üzrə biletlərin onlayn alışı zamanı SİMA rəqəmsal imzasının tətbiqinə başlayıb. Keçən il belə bir qərar qəbul olunarkən bildirilmişdi ki, yenilik Naxçıvan istiqamətində aviabiletlərin əldə edilməsi prosesinin rəqəmsallaşdırılması və şəffaflığın artırılması məqsədi daşıyır.

Yeni qaydalara görə, AZAL-ın rəsmi internet saytı və mobil tətbiqi vasitəsilə bilet almaq istəyən sərnişinlər yalnız “SİMA İmza” ilə şəxsiyyətlərini təsdiq etdikdən sonra bu əməliyyatı həyata keçirə bilərlər. Əgər vətəndaşın onlayn biletlərə çıxışı yoxdursa, o zaman kassalardan bilet əldə edə bilər.

Bu proses şəffaflığın artırılmasına yönəlsə də, amma bürokratik əngəllərin yaranmasına səbəb olub. Xüsusilə, Naxçıvanla birbaşa quru yolunun olmaması vətəndaşlar üçün daha əlçatan və rahat marşrutların təmin olunmasını zəruri edir. Bürokratik yanaşma həm də blokada şəraitində olan bölgənin inkişafına ciddi maneələr yaradır.

2024-cü ilin oktybarn 1-dən bilet satışının rəqəmsallaşdırılması hansı bürokratik əngəllər var?

Gununsesi.info -ya müraciət edən şikayətçilər bildirirlər ki, əsas çətinlik ondan ibarətdir ki, bu sistem vasitəsilə yalnız öz adlarına bilet almaq mümkündür, ailə üzvləri və ya digər şəxslər üçün bilet alınmır. Həmçinin, bilet almaq üçün şəxsin bank kartına sahib olması mütləqdir.

Lakin, əgər SİMA ilə qeydiyyatdan keçmiş şəxs özü Naxçıvan-Bakı istiqamətində səyahət etməyi planlaşdırmırsa, həmin hesabla ailə üzvləri üçün də onlayn bilet alması mümkün deyil. Məsələn, əgər sərnişin 18 yaşına çatmayıbsa, o zaman təkbaşına SİMA vasitəsilə bilet ala bilmir. Bu halda valideynin əlavə xərc çəkərək özünə də ayrıca bilet alması tələb olunur. Alternativ kimi kassalara yaxınlaşmaq imkanı olsa da, bu da problemlidir – çünki kassalarda bilet tapmaq çətindir.

Şikayətçilər vurğulayırlar ki, onlayn biletə çıxışın məhdudlaşdırılması məntiqsizdir və bu yanaşma vətəndaşların konstitusion hüquqlarının pozulması deməkdir. Yeni qaydalar insanların əlavə xərc çəkməsinə gətirib çıxarır. Belə ki, Naxçıvan Muxtar Respublikasının bütün şəhər və rayonlarında aviabilet satışı ilə məşğul olan kassalar mövcud deyil.

Məsələn, Şərur, Şahbuz və Ordubad rayonlarında yaşayan vətəndaşlar bilet almaq üçün təxminən 80 km məsafə qət edərək Naxçıvan şəhərinə getməli olurlar. Bu isə həm əlavə yol xərci, həm də vaxt itkisinə səbəb olur. Üstəlik, həmin gün bilet tapmaq mümkün olub-olmayacağı da qeyri-müəyyəndir. Əvvəllər də bilet tapmaq çətinliyi mövcud idi, lakin vətəndaşlar bu məsələni onlayn formada, uzaq məsafə qət etmədən həll edə bilirdilər. Yeni sistem isə bu imkanı məhdudlaşdırır.

Naxçıvan istiqamətində uçuşlara biletlərin tapılması həmişə aktual problem olaraq qalır. Xüsusilə, biletlərin qara bazarda satışı cəmiyyətdə ciddi narazılıqlara səbəb olur. Lakin mövcud vəziyyət bu problemin aradan qaldırılmasına deyil, əksinə, qara bazarın genişlənməsinə və qiymətlərin bahalaşmasına gətirib çıxarıb.

“Gündəlik Naxçıvan” portalı bu mövzu ilə bağlı mütəmadi olaraq reportajlar hazırlayır. Hələ keçən ay sözügedən xəbər portalında yayımlanan reportajda qeyd edilirdi ki, aviakassalarda və hava limanında bilet olmadığı deyilir. Lakin bilet almaq istəyənləri növbəyə yazılıb gözlədildiyi halda, təyyarə havaya qalxarkən 15-20 boş yer müşahidə olunur.

Onlayn bilet satışında yaranan çətinliklər kassalarda süni tələbat yaradaraq vəziyyəti daha da ağırlaşdırıb. Nəticədə, təkcə biletlər deyil, hətta bilet növbələri də qara bazarda pulla satılır. Bir sözlə, rəqəmsallaşma və texnologiya tətbiqi gələcəyə doğru bir addım olmaq əvəzinə, yenidən 90-cı illərə qaytarıb.

İqtisadçı ekspert Natiq Cəfərli Gununsesi.info-ya açıqlamasında bildirib ki, əgər Naxçıvan turizm bölgəsinə çevirmək istəyiriksə, ilk növbədə logistika əlçatanlığı təmin edilməlidir:

“Naxçıvana bilet məsələsi, obrazlı desək, ‘ərəb saçı’ hekayəsinə dönüb. Uzun illərdir bu problem həllini tapmır. Bu bölgədə yaşlı insanlar və smartfondan istifadə etməyənlər var. Amma indiyə qədər bilet satışının yalnız SİMA üzərindən həyata keçirilməsi ilə bağlı nə AZAL, nə də əlaqədar dövlət qurumları açıqlama verib”.

N.Cəfərlinin fikrincə, Naxçıvanı turistik bölgəyə çevirməklə bağlı planlar mövcuddur:

“Əgər hökumətin belə bir planı varsa, bilet satışında bu cür çətinliyin yaradılması nə dərəcədə məntiqlidir? İnsanlar hər yerə olduğu kimi, burada da ya onlayn şəkildə, yaxud da kassaya yaxınlaşıb ala bilməlidir. Yəni bunu başqa yerlərə satılan biletlərlə eyni qaydada təşkil etmək lazımdır. İnsanlar yeni qaydalardan ciddi şəkildə əziyyət çəkirlər”– deyə ekspert əlavə edib. 

Gununsesi.info-ya danışan, əslən Naxçıvanlı olan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, Naxçıvan istiqamətində biletlərlə bağlı vaxtaşırı çətinliklər yaşanır:

“Biz özümüz də bilet alanda SİMA üzərindən alırıq, bu prosesi çox rahat şəkildə həyata keçiririk. Konkret şəxslər də bank kartına vəsait köçürməklə öz telefonlarında SİMA vasitəsilə bileti ala bilirlər. Bu səbəbdən xüsusi bir çətinlik yaşamırıq. Naxçıvana təyyarə bileti tapmaq çətindir. Avtomobil yolu olmadığından və İran üzərindən səfər çoxları üçün əlverişli olmadığından, təyyarəyə bilet tapmaq çətindir. Hazırda mövcud alternativlərdən biri SİMA üzərindən onlayn satışdır. İndi qara bazarda bilet çıxarılanda da əlavə pul ödəmək lazım gəlir ki, bu da başqa narazılıqlara səbəb olur”.

Deputat hesab edir ki, tətbiq edilən hazırkı sistem indiki şərait üçün optimal variant kimi qiymətləndirilə bilər:

“Bəzi insanlar rahatlıqla bu prosesi icra edə bilir. Amma bilet ala bilməyən, yaxud təcili işi çıxan şəxslərin vəziyyəti də anlaşılandır. Hər halda Naxçıvanın bilet problemi bu qədər asanlıqla həll ediləcək məsələ deyil. Zəngəzur dəhlizi açılmayana qədər bu çətinliklər davam edəcək”.

F. Mustafa əlavə edib ki, bu məsələdə daha effektiv və real alternativ təklif etmək özü üçün də çətindir:

“Başqa necə olsun? Qara bazarda satılsın? Hazırda AZAL bu istiqamətdə müəyyən yüngülləşdirici addımlar atmağa çalışır. Amma hesab edirəm ki, problemin tam həlli və optimal yolun tapılması kifayət qədər çətindir.”

 

Qeyd edək ki, AZAL-ın mətbuat xidmətinə bu məsələ ilə bağlı ünvanladığımız suallar cavabsız qalıb.

 

Vüsalə Rüstəmova

Gununsesi.info