
İyunun əvvəlində keçirilən “Azad İran 1404” beynəlxalq konfransında İran xalqının azadlıq mübarizəsinə və İran Milli Müqavimət Şurasına dəstək mesajı verilib.
Gununsesi.info -nun məlumatına görə, tədbirdə Müqavimətin seçilmiş prezidenti Məryəm Rəvaci, tanınmış beynəlxalq siyasi simalar və bir sıra ölkələrin parlament nümayəndələri iştirak edib.
Konfrans çərçivəsində İtaliya parlamentinin əksəriyyəti, Hollandiya Senatı, Norveç, Moldova, İslandiya və Kosta-Rika parlamentlərinin çoxluğu tərəfindən imzalanmış birgə bəyanat təqdim olunub.
“İran 2025” adlı bu sənəddə xanım Məryəm Rəvacinin 10 maddəlik demokratik planına dəstək ifadə olunub. Bəyanatda həmçinin SEPAH-ın (İslam İnqilab Keşikçiləri Korpusu) terror təşkilatları siyahısına salınması və bu quruma qarşı fəaliyyət göstərən üsyançı ocaqların legitimliyi vurğulanıb.
Bəyanat müəllifləri bildiriblər ki, İran xalqı 2022-ci il etirazlarında həm monarxiyanı, həm də dini diktaturanı rədd edərək, din və dövlətin ayrılığı prinsipinə əsaslanan demokratik respublika qurmaq istəyir.
Parlament çoxluqları tərəfindən imzalanmış “İran 2025” bəyanatı xanım Məryəm Rəvacinin 10 maddəlik planına dəstək verməklə yanaşı, SEPAH-ın terror təşkilatları siyahısına salınması və üsyançı ocaqların SEPAH-a qarşı mübarizəsinin qanuniləşdirilməsini vurğulayır.
Tədbirdə iştirak edən siyasi və qanunverici nümayəndələr, parlamentlərinin çoxluğu tərəfindən imzalanmış bəyanatları xanım Məryəm Rəvaciya təqdim edib və tribunadan çıxışlar ediblər.
İtaliya parlamentinin Xarici Əlaqələr Komissiyasının üzvü Nayke Gruppioni bildirib ki, bu tədbir sadəcə siyasi təşəbbüs deyil, həm də tiraniyaya qarşı mübarizə aparan xalqla həmrəylik aktıdır. O, İran Milli Müqavimət Şurasının tanınmasını növbəti zəruri addım kimi qiymətləndirib.
Gruppioni xanım Məryəm Rəvacinin 10 maddəlik planını tarixi irəliləyiş və dünyaya verilən güclü mesaj kimi qiymətləndirib və əlavə edib ki, İran Müqavimətində qadınların rolu çox önəmlidir.
“İtaliya parlamenti öz çoxluğu ilə açıq şəkildə deyir:”Siz tək deyilsiniz. Biz daha böyük addımlar atmalıyıq və ilk addım İran xalqının legitim nümayəndəsi kimi İran Milli Müqavimət Şurasını tanımaqdır,” – deyə o vurğulayıb.
İslandiyanın sabiq Baş naziri Geir Haarde çıxışında deyib ki, İran xalqının öz gələcəyini təyin etmək haqqını, istər şah rejimi, istərsə də dini diktaturadan azad olmaq arzusunu tam dəstəkləyirlər. O, Avropa İttifaqına çağırış edib ki, İran rejiminə qarşı sərt və qəti tədbirlər görsün, həmçinin SEPAH-ı terror təşkilatları siyahısına salsın.
Haarde bildirib ki, artıq 4000-dən çox qanunverici və 100-dən çox keçmiş dünya lideri xanım Məryəm Rəvacinin 10 maddəlik planını dəstəkləyib. Bu plan İran üçün demokratik gələcək və regionda davamlı sülhün təminatı kimi qiymətləndirilir.
Norveç parlamentinin üzvü və keçmiş ətraf mühit naziri Ola Elvestuen isə çıxışında İran Müqavimətinə qarşı rejimin artan qorxusuna diqqət çəkib. O bildirib ki, rejim mühacir lobbilər və agentləri vasitəsilə Mücahidlərin nüfuzuna xələl gətirməyə çalışır. Elvestuen vurğulayıb ki, azadlıq uğrunda mübarizə aparanları dəstəkləmək hər kəsin borcudur. O, bu gün Norveç parlamentinin əksəriyyətinin İran Milli Müqavimət Şurasını və xanım Məryəm Rəvacinin 10 maddəlik planını dəstəkləməsindən qürur duyduğunu bildirib:
“Biz mollaların Mücahidlərə və İran xalqının ədalətli müqavimətinə qarşı apardığı qarayaxma kampaniyasına qarşı dayanmalıyıq”.
Böyük Britaniya Lordlar Palatasının üzvü Lord Steve McCabe çıxışında İngiltərənin hər iki palatasından olan üzvlərin İran Müqavimətinə dəstəyini vurğulayıb:
“Bu gün biz İran Müqavimətini dəstəkləyən beynəlxalq birliyin getdikcə artdığını görürük. Hazırda 600-dən çox deputat İran Müqavimətini dəstəkləyib və Böyük Britaniyanın daxili işlər naziri parlament üzvlərinə SEPAH-ı terror siyahısına salmaq üçün hüquqi çərçivənin hazırlanacağını vəd edib”.
Konfransın sonunda çıxış edən Məryəm Rəvaci iştirakçılara təşəkkürünü bildirərək, İran xalqının azadlıq və demokratiya uğrunda mübarizəsinin davam edəcəyini vurğulayıb:
“Reçimin Suriyadakı 40 illik güc bazası, 100 minlik hərbi qüvvəsi ilə birlikdə tamamilə dağılıb və onun strateji qolu geri dönməz şəkildə sarsılıb. Ölkə daxilində isə mollalar rejimi siyasi gərginliklər, xalq narazılığı, iqtisadi və sosial böhranlarla qarşı-qarşıyadır və gənclərin qabaqcıl qüvvə və üsyançı ocaqlara meylindən dərin şəkildə qorxu içindədir”.
Şəbnəm