
Xəbər verdiyimiz kimi, Ukrayna Təhlükəsizlik Xidmətinin “Hörümçək toru” («Паутина») əməliyyatı keçirib.
Gununsesi.info xarici KİV-lərə istinadən bildirir ki, yük msşınlarından buraxılan zərbə dronları Ukraynaya hücum edən Rusiya təyyarələrini hədəfə alıb.
Zərbə altına düşən Rusiya Hərbi-Kosmik Qüvvələrinin beş mühüm aerodromu:
1. “Olenya” – Rusiya uzaqmənzilli aviasiya aerodromu, Kola yarımadası, Murmansk vilayəti (2000 km);
2. “Dyagilyevo” – aviasiya bazası, Ryazan vilayəti (700 km);
3. “Belaya” – İrkutsk vilayətində hərbi aerodrom, Priamurye və Sibirdə ilk zərbə (4700 km);
4. “İvanovo” – İvanovo vilayətində yerləşən hərbi aerodrom (900 km);
5. “Voskresensk” – Moskva vilayətində yerləşən hərbi aerodrom.
İlkin məlumatlara görə, əməliyyat nəticəsində Rusiya aviasiyasına 7 milyard dollardan çox ziyan dəyib. Hədəflərin 34 faizi sıradan çıxarılıb.
Sosial şəbəkələrdə yazılır ki, 41 strateji aviasiya təyyarəsi məhv edilib. Daha 11-i zədələnib və onların təmiri üçün Rusiyada olmayan ehtiyat hissələri və avadanlıqlar tələb olunur.
“Bərpası mümkün olmayan itkilər” sırasında 6 ədəd TU-95MS raketdaşıyıcısı da var.
İqtisadi səmərəlilik baxımından Ukrayna əməliyyatlarının analoqu yoxdur, – Clash Report qeyd edir.
Bir ədəd FPV-dronun qiyməti 300–600 ABŞ dolları təşkil edir. Rusiya strateji bombardmançısı Tu-95MS-in qiyməti isə 100 milyon dollardan çoxdur. Beləliklə, qiymət fərqi 100.000 dəfədən artıqdır.
Başqa əsas məsələ Rusiya strateji aviasiyasının məhv edilməsinin onun nüvə potensialına vurulan zərbə olmasıdır.
Tu-95 və Tu-160 qanadlı nüvə raketlərinin buraxılışı üçün əsas platformalardır. Onların hətta qismən itkisi Rusiyanın cavab zərbəsi imkanlarını ciddi zəiflədir.
A-50 – uzaq məsafəli radiolokasiya aşkarlama təyyarəsi, uçan radar, Rusiya ordusunun “gözləri”.
Məlumatlara görə, 2024-cü ilin mart ayına olan vəziyyətə əsasən, Rusiyada belə təyyarələrdən yalnız 5 ədəd qalmışdı. Onların hər birinin məhv edilməsi hava məkanının idarəsini, HHM sisteminin koordinasiyasını və hava əməliyyatlarını çətinləşdirir.
Bundan əlavə, Tu-160, Tu-95 və A-50 sovet dövrü layihələridir və onların istehsalı ya tamamilə dayandırılıb, ya da sanksiyalar və ehtiyat hissələrinin çatışmazlığı səbəbilə texniki cəhətdən mümkün deyil.
Bu əməliyyatın dəqiq ziyanı hələ hesablanmalıdır. Lakin artıq indi aydındır ki, nüvə üçlüyünün əsas elementlərinin itirilməsi təkcə Rusiyanın hərbi məğlubiyyəti deyil, həm də Kreml üçün beynəlxalq aləmdə ciddi nüfuz ziyanı olacaq.
Elmar
Gununsesi.info