
Son illər dünyada olduğu kimi, Azərbaycanda da İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxma hallarına diqqət daha da artıb.
Rəsmi statistikaya görə, hazırda ölkədə İİV-lə yaşayan 10 min 324 nəfər qeydiyyata alınıb.
Bu rəqəmin 70 faizini kişilər, 30 faizini isə qadınlar təşkil edir.
Bu göstəricilər bir daha sübut edir ki, İİV yalnız müəyyən risk qruplarının deyil, bütövlükdə cəmiyyətin problemidir. Lakin hələ də bir çox insan bu virus barədə kifayət qədər məlumata malik deyil və ya məlumatı yanlış mənbələrdən alır.
Bəs insanlar bu xəstəlikdən necə qoruna bilər və hansı hallarda həkimə müraciət etməlidirlər?
Ümumiyyətlə, cəmiyyətdə bu mövzu ilə bağlı maarifləndirmə işləri yetərincə aparılırmı?
Yaranan suallara cavab tapmaq üçün Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinə sorğu ünvanladıq.
Qurumdan Gununsesi.info-nun sorğusuna cavab olaraq bildirilib ki, infeksiyadan qorunmanın əsas yolu maariflənmədir və eyni zamanda riskli davranışlardan uzaq durmaq, qoruyucu vasitələrdən istifadə etmək, şəxsi gigiyena qaydalarına riayət etmək və zərərli vərdişlərdən imtina etmək vacibdir:
“İnsanın İmmunçatışmazlığı Virusu (İİV) – immun sisteminin zədələnməsi ilə xarakterizə olunan infeksion xəstəlikdir. Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) isə bu infeksiyanın son mərhələsi olub, vərəm, onkoloji xəstəliklər və sinir sistemi zədələnməsi kimi ağır fəsadlarla müşayiət olunur.
İİV-in 3 əsas yoluxma yolu mövcuddur:
- Cinsi yol: qorunmamış və təsadüfi cinsi əlaqə zamanı;
- Parenteral yol: yoluxmuş qan və ya orqanların köçürülməsi, qeyri-steril tibbi, kosmetoloji və gigiyenik alətlərdən istifadə, xüsusilə inyeksion narkotik vasitə istifadəçiləri arasında;
- Anadan uşağa yol: hamiləlik, doğuş və ya ana südü ilə qidalanma zamanı.
Maariflənmə məqsədilə Respublika QİÇS-lə Mübarizə Mərkəzi təmasdan əvvəl və sonra profilaktika proqramları həyata keçirir. Təmasdan əvvəl profilaktika (TÖP) – risk qrupunda olmayan, lakin İİV-ə yoluxma ehtimalı olan şəxslərin antiretrovirus preparat qəbuludur. Postkontakt profilaktika isə yoluxma riski olan təmasdan sonra 72 saat ərzində antiretrovirus müalicəsinin başlanması ilə həyata keçirilir. Bu proqramlar uğurla tətbiq olunur və yoluxmanın qarşısının alınmasında mühüm rol oynayır”.
Qurum xəstəliyin əlamətlərini və həkimə müraciət edilməsinin vacibliyini belə izah edir:
“İİV-infeksiyası spesifik əlamətləri olmayan, mərhələli gedişə malik bir xəstəlikdir. Xəstəlik 4 klinik mərhələdə inkişaf edir. İlkin mərhələdə aşağıdakı simptomlar müşahidə oluna bilər:
- Ümumi halsızlıq, tez yorulma
- Əzələ və oynaq ağrıları
- Limfa düyünlərinin böyüməsi
- Bədən hərarətinin periodik artması
- İshal
İrəliləmiş mərhələlərdə isə göbələk infeksiyaları, vərəm, onkoloji xəstəliklər kimi ağırlaşmalar baş verir. Bəzən xəstəlik uzun müddət gizli qalır və təsadüfi müayinələr zamanı aşkarlanır. Buna görə profilaktik müayinədən keçmək və İİV statusunu bilmək tövsiyə olunur.
İİV testləri Respublika QİÇS-lə Mübarizə Mərkəzində, eləcə də Naxçıvan daxil olmaqla 10 regional laboratoriyada, mobil və stasionar mərkəzlərdə anonim, ödənişsiz və konfidensial şəkildə aparılır”.
O da bildirilib ki, Azərbaycan, region ölkələri ilə müqayisədə, İİV-in yayılma səviyyəsi ən aşağı olan ölkələrdən biridir.
“Respublika QİÇS-lə Mübarizə Mərkəzinin illər ərzində həyata keçirdiyi ardıcıl tədbirlər nəticəsində infeksiya təmərküzləşmiş mərhələdə saxlanılır. Maarifləndirmə işləri həm risk qrupları, həm də ümumi əhali arasında aparılır. Bu tədbirlər aşağıdakı istiqamətləri əhatə edir:
- İctimai yerlərdə (ticarət mərkəzləri, zavodlar, fabriklər)
- Təhsil müəssisələrində (orta və ali məktəblər)
- Nəqliyyat infrastrukturlarında (Bakı metropoliteni, avtovağzal, sürət qatarları)
- Kütləvi informasiya vasitələri və sosial şəbəkələr üzərindən maarifləndirici videoçarxlar, posterlər vasitəsilə
Hər il 1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü çərçivəsində:
- Mobil operatorlar vasitəsilə SMS məlumatlandırma kampaniyaları həyata keçirilir;
- İctimai diqqəti cəlb etmək məqsədilə “Qız Qalası” simvolik olaraq işıqlandırılır;
- İdman federasiyaları ilə birgə gənclər arasında təbliğat kampaniyaları təşkil olunur.
2025-ci ilin aprel-may aylarında Şirvan-Hacıqabul, Neftçala-Salyan, Qəbələ-Oğuz və Astara-Lənkəran bölgələrində yerləşən 55 təhsil müəssisəsində ümumilikdə 3551 nəfər maarifləndirilib.
May ayında isə Bakı şəhərində yerləşən məktəblər, universitetlər və ticarət mərkəzləri daxil olmaqla 11 məkanda keçirilmiş tədbirlərdə 3005 nəfər iştirak edib.
Mobil müayinə məntəqələri də fəaliyyət göstərir. Xüsusilə risk qruplarının toplaşdığı ərazilərdə müayinələr aparılır və əhali yerində maarifləndirilir”.
Həmçinin vurğulanıb ki, Səhiyyə Nazirliyinin Media və Kommunikasiya Şöbəsi tərəfindən geniş ictimai maarifləndirmə tədbirləri həyata keçirilir:
“Nazirliyin sosial media hesablarında maarifləndirici poster və videoçarxlar paylaşılır, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimləri ilə birgə press-relizlər hazırlanır, “Instagram” platformasında canlı yayımlar təşkil olunur, “Sağlam Radio”da müsahibələr yayımlanır. Eyni zamanda ölkə üzrə fəaliyyət göstərən televiziya kanallarında da mövzu ilə bağlı mütəmadi çıxışlar təşkil edilir.
37 illik fəaliyyətin nəticələri göstərir ki, Azərbaycan balanslaşdırılmış və məqsədyönlü mübarizə strategiyası ilə İİV epidemiyasını nəzarətdə saxlamağı bacarıb.
Ölkəmiz İİV-in yayılması, ölüm halları, anadan uşağa yoluxma və yeni yoluxma göstəricilərinə görə Şərqi Avropa və Mərkəzi Asiya ölkələri arasında ən aşağı göstəricilərə malik ölkələrdən biridir”.
Günel Həsənova