Bu cəzaçəkmə müəssilərinin istismar müddəti başa çatıb

  • By Admin2
  • 02 İyun 2025 14:13

Xəbər verdiyimiz kimi, 12 saylı cəzaçəkmə müəssisənin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçub.

Bəzi məlumatlara görə, hadisə məticəsində bir nəfər məhkum dünyasını dəyişib, bir neçə nəfər isə xəsarət alıb.

O cümlədən baş verən bu hadisə bəzi məsələləri yenidən gündəmə gətirir. 

Yaxşı, bəs digər cəzaçəkmə müəssisələrində vəziyyət necədir?

Gununsesi.infonun araşdırması zamanı məlum olub ki, Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən 12, 138 saylı cəzaçəkmə müəssisələri təhlükəli vəziyyətdədir.

Üstəlik, adıçəkilən cəzaçəkmə müəssisələrindən zaman-zaman orada həbs həyatı yaşayan məhkumlardan da şikayətlər gəlib.

Bu müəssisələr niyə bu vəziyyətdədir?

Sual ritorikdir, səbəb isə məlum:

Əlbəttə, Sovet dövründən qalan bu cəzaçəkmə müəssisələri özünün istismar müddətini başa çatdırıb.

Belə olan halda nə etməli?

Əlbəttə, bu dəfə də sual ritorikdir və cavab da məlum:

Əsaslı təmir edilməlidir!

Ancaq məlumata görə, son illər ərzində həmin müəssisələrdə hər hansısa bir təmir işləri aparılmayıb və belə görünür ki, qarşıda daha faciəvi hadisələr yaşana bilər.

Ümumiyyətlə, Avropa Penitensiar Qaydaları baxımından həmin adıçəkilən müəssisələr heç bir standartlara cavab vermir.

Axı dövlət o məhkumlara cavabdehdir. Məhkumun əlindən azadlığı alınır, digər şeylər yox.

Hər halda bu hadisə hansısa təbii təbiət hadisəsi zamanı baş verməyib.

Digər tərəfdən, Azərbaycanda yeni Penitensiar müəssisələr inşa olunduğu məlumdur.

Ancaq həmçinin Gəncədəki 2 saylı istintaq təcridxanası da Avropa Penitensiar qaydalarının standartlarına uyğun deyil.

Xüsusi ilə bu müəssilərdə məhkum sıxlığı həddindən artıq çox, yataqxana şəraitləri isə ağır vəziyyətdədir.

Daha bir ritorik sual:

Görəsən, niyə?

Axı Gəncənin özündə də yeni müəssisə inşa edilmişdi. Bəs o niyə istifadəyə verilmir? Aidiyyatı qurumlara sual veriləndə, bunun maliyyə çatışmazlığına görə olduğunu deyir. Yaxşı, bəs indiyə qədər xərclənən milyonların aqibəti necə olacaq? Onların inşasına xərclənən pullar hara getdi? Niyə heç kim aqibətləri barədə konkret bir şey demir?

Bundan əlavə, yeni cəzaçəkmə müəssisi Lənkəranda da inşa olundu, ancaq o da Gəncədəki ilə “rəqabətə” girərək fəaliyyət göstərmir.

Bir korpusda nə vaxta qədər 500 məhkum saxlanılacaq?

Avropa Şurasının rəsmi sənədlərində də Azərbaycandakı cəzaçəkmə müəssilərindəki vəziyyət tənqid edilib. Məlum olub ki, həm saxlanılma, həm də sıxlığın azaldılması baxımından xeyli görüləsi işlər var.

Son olaraq, hər şey məlumdur, bəs yoluna qoyulacaqmı?

Necə, nə vaxt?

Bu suallar da ritorikdir, ancaq aidiyyatı qurumlardan hələki bir cavab yoxdur.

Elmar

Gununsesi.info