
“WhatsApp” istifadəçilərin məxfiliyinin qorunması istiqamətində çoxdan gözlənilən addımı həyata keçirməyə hazırlaşır. Platforma rəqibləri “Telegram” və “Signal” kimi istifadəçi adı sistemini tətbiq etmək üçün işini sürətləndirib. Artıq istifadəçilər telefon nömrələrini paylaşmadan söhbətə başlaya biləcəklər.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, TestFlight beta versiyasında ortaya çıxan bu xüsusiyyət WABetaInfo tərəfindən təsdiqlənib.
“WhatsApp” hazırda istifadəçi adı sisteminin həm interfeysini, həm də infrastrukturunu inkişaf etdirmək prosesindədir.
İstifadəçi adları necə işləyəcək?
“Technoblog” məlumat verib ki, bu funksiyanın yaradılmasında əsas məqsəd istifadəçilərin, xüsusən də tanımadıqları insanlarla nömrələrini paylaşmadan ünsiyyət qurmasına şərait yaratmaqdır. Yeni sistem aktivləşdirildikdə, sizi telefon nömrənizlə əlavə etməyən insanlar yalnız istifadəçi adınızı görəcəklər.
İstifadəçi adları aşağıdakı qaydalara tabe olacaq:
“www” ilə başlamaq mümkün deyil.
Ən azı bir hərf olmalıdır (yalnız rəqəmlər və ya simvollar etibarsız sayılır).
Etibarlı simvollar: kiçik hərflər (a–z), rəqəmlər (0–9), nöqtələr (.) və alt xətt (_).
İstifadəçi adı seçildikdə “WhatsApp” bu seçimi konfeti animasiyası ilə qeyd edəcək. Bu animasiya platformanın daha müasir və məxfiliyə uyğun struktura keçidini simvollaşdırır.
Dəyişikliklər söhbətlərdə bildiriləcək
İstifadəçi adı daha sonra dəyişdirilərsə, profil şəkli və ya nömrə dəyişikliyi kimi, bu məlumat sistem mesajı kimi mövcud çatlarda paylaşılacaq. Bu qarışıqlığın qarşısını alacaq.
“WhatsApp” bu yaxınlarda rəsmi iPad proqramını buraxmaqla diqqətləri üzərinə çəkmişdir. Yeni istifadəçi adı xüsusiyyəti platformanın şəxsiyyət paylaşımı və ünsiyyət tərzində böyük transformasiya yaratması gözlənilən addım hesab olunur.
Günel Həsənova