Almaniyada ömürlük həbs cəzasına məhkum edilən suriyalı müttəhim

  • By Admin2
  • 03 İyun 2025 17:07

Suriyada törətdiyi hərbi cinayətlər və insanlığa qarşı cinayətlərə görə Almaniyada hakim qarşısına çıxarılan 33 yaşlı müttəhimə ömürlük həbs cəzası verilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın Ştutqart Ali Regional Məhkəməsi suriyalı müttəhimi insanlığa qarşı cinayətlər və müharibə cinayətləri törətməkdə təqsirli bilib. 33 yaşlı kişi ömürlük həbs cəzasına məhkum edilib.

İşlə bağlı paylaşılan məlumata görə, adı açıqlanmayan müttəhim Suriyada vətəndaş müharibəsi zamanı “Hizbullahın dəstəklədiyi milislərin aparıcı üzvü” olub  və bu müddət ərzində iddia edilən cinayətləri törədib. Sözügedən milis qrupunun Suriyanın cənubundakı Busra əş-Şam qəsəbəsində sünni müsəlman mülki şəxslərə qarşı hücumlar təşkil etdiyi bildirilib.

İşlə bağlı verilən məlumata görə, sözügedən silahlı qrup 3 nəfəri uzun lüləli Kalaşnikov tipli silahlarla döyərək, Bəşər Əsəd rejiminin kəşfiyyat orqanlarına təhvil verib. Daha sonra üç nəfər işgəncələrə məruz qalıb və pis şəraitdə saxlanılıb. 

Məhkəmənin qərarına əsasən, silahlı qrup 2014-cü ildə də 40 yaşlı kişini ailəsi ilə birlikdə evindən zorla çıxarıb.

Orxan

Gununsesi.info