İsraildə saxta mesaj panikası

  • By Admin2
  • 17 İyun 2025 14:02

İsraildə cib telefonlarına sığınacaqlarda ola biləcək terror aktları ilə bağlı xəbərdarlıq edən mesajların saxta olduğu açıqlanıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, İsrail Milli Kiber Müdirliyi  vətəndaşların telefonlarına mümkün terror hücumları  səbəbilə sığınacaqlarını tərk etmələri ilə bağlı xəbərdarlıqların saxta olduğunu açıqlayıb.

İsrail Daxili Cəbhə Komandanlığının göndərdiyi xəbərdarlıq mesajlarını təqlid etdiyi deyilən saxta təcili mesajda bu ifadələr yer alıb: “Sığınacaqlarda terror hücumu ehtimalı var. Növbəti xəbərdarlığa qədər sığınacaqlarda qalmaqdan çəkinin.”

Digər tərəfdən, gecə saat 12:00-dan başlayaraq 24 saat yanacaqdoldurma məntəqələrində yanacaq satışı olmayacağına dair israillilərin telefonlarına göndərilən mesajların da çaxnaşma yaratmaq məqsədi daşıdığı bildirilib.

Qeyd edək ki, İsrail iyunun 13-də İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini, o cümlədən ordunun ali komandanlığını hədəf alan irimiqyaslı hücumlara başlayıb.

Hücumlarda İranın Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı və bir neçə yüksək səviyyəli komandir, eləcə də 9 nüvə alimi həlak olub, ümumilikdə 224 mülki şəxs həlak olub.

İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində 24 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı bildirilib.

Başda Türkiyə olmaqla bir çox ölkə İsraili qınayıb.

Orxan

Gununsesi.info