Qazaxda quldurluq cinayətinin üstü açıldı: maskalı şəxs saxlanıldı

  • By Günel
  • 16 İyun 2025 22:02

Qazaxda baş verən quldurluq cinayətinin üstü açılıb, şübhəli şəxs saxlanılıb.

Gununsesi.info xəbər verir ki, iyunun 16-da gecə saatlarında Qazax rayonunun Qazaxbəyli kəndində yerləşən fərdi yaşayış evinə maskalı naməlum şəxs daxil olaraq ev sahibindən hədə-qorxu ilə pul tələb edib. O, istəyinə nail ola bilmədikdə ev sahibinə kəsici-deşici alətlə, həyat yoldaşına isə küt alətlə xəsarət yetirərək hadisə yerindən qaçıb.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 64 yaşlı Ələddin Nazarov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri və digər zəruri araşdırmalar davam etdirilir.

Xatırladaq ki, Qazaxın Qazaxbəyli kəndində evlərdən birinə basqın olub. O, ev sahibi, 46 yaşlı Emin Allahverdiyevin oğlunun kiçik toy məclisindən yığılan pulları almağa çalışıb. Bu zaman ev sahibini bıçaqlanıb, həyat yoldaşı və övladı xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info