
Heydər Əliyev fondunun dəstəyi və Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə Böyük Britaniyada keçiriləcək ənənəvi “Vindzor Kral Atçılıq Şousu”nda ölkəmiz ilk dəfə 130 nəfərlik nümayəndə heyəti ilə təmsil olunacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Atçılıq Federasiyası məlumat yayıb.
Bildirilib ki, bu ilin ən möhtəşəm çıxışlarından biri gözqamaşdırıcı Qarabağ atı, istedadlı rəqqas və 2025-ci il üçün yeni olan orkestr qrupunun nümayiş etdirəcəyi “Azerbaijan – Land of Fire” şou-kompozisiyasının qayıdışı olacaq.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Atçılıq Federasiyasının bu nəfəskəsici nümayişi heyranedici performansı, həyəcanlı musiqisini və inanılmaz atçılıq sənətini özündə birləşdirir.
Tədbirin direktoru Ceyms Şou çıxışı səbirsizliklə gözlədiyini bildirib: “Azərbaycan Atçılıq Federasiyasını “Vindzor Kral Atçılıq Şousu”nda yenidən salamlamağa çox şadam. Onların canlı çıxışını əvvəllər heç vaxt görmədiyim üçün rəqs və inanılmaz atçılıq sənəti vasitəsilə izah edilən bu qəhrəmanlıq nağılının möhtəşəm nümayişinə şahid olacağıma görə çox həyəcanlıyam”.
Nümayəndə heyətimizin təqdim edəcəyi “Azerbaijan – Land of Fire”adlı şou-kompozisiyanın əsasını Vindzor tamaşaçılarına çox yaxşı tanış olan, çılğınlığı və gözəlliyi ilə seçilən Qarabağ atları, eləcə də zərif Azərbaycan rəqsləri və ecazkar milli musiqisi təşkil edəcək.