
“Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Milli Fəaliyyət Planında insan alveri ilə bağlı yeni çağırışlar nəzərə alınmalıdır”.
Gununsesi.info xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nın müzakirəsində deputat Naqif Həmzəyev deyib.
Deputat transsərhəd insan alveri şəbəkələri regional və beynəlxalq cinayətkar şəbəkələrin fəaliyyəti nəticəsində Azərbaycan vətəndaşlarının xarici ölkələrdə istismarı, tranzit və təyinat ölkəsi kimi Azərbaycanın üzləşdiyi çağırışlara toxunub: “Azərbaycan turistlər üçün cəlbedici ölkəyə çevrilib, viza almaq asanlaşdırılıb. İkincisi, saxta yollarla tələbə adı qazanan, əslində isə başqa məqsədlə Avropa və digər ölkələrə getmək istəyənlərə asanlıqla viza verilir. Bunlarla bağlı çağırışlar yeni Milli Fəaliyyət Planında əksini tapmalıdır”.
Naqif Həmzəyev insan alveri qurbanlarının müəyyənləşdirilməsi və hərtərəfli dəstəklə təmin edilməsini də zəruri sayıb, məlumatlandırma və maarifləndirmə sahəsində çatışmazlıqların aradan qaldırılmasını vacib hesab edib:
“Qurbanlara uzunmüddətli sosial, psixoloji və iqtisadi dəstəyin gücləndirilməsi zəruridir. Risk qrupuna aid şəxslərin, xüsusilə əhalinin həssas təbəqələrinin, ucqar bölgələrdə yaşayanların insan alveri təhlükələri barədə məlumatlılıq səviyyəsi artırılmalıdır. Sosial şəbəkələrdə də maarifləndirmə işləri artırılmalıdır. Qurbanlar çox vaxt hadisəni gizlədirlər. Yeni Milli Fəaliyyət Planında bu istiqamətlərdə çatışmazlıqların aradan qaldırılmasını nəzərə almalıyıq”.