
ABŞ prezidenti Donald Tramp, papalıq paltarında onu göstərən süni intellekt görüntüsü ilə bağlı verdiyi açıqlamada, görüntüdən xəbərsiz olduğunu, lakin həyat yoldaşının onu “çox sevimli gördüyünü” söylədi.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Oval Ofisdə keçirilən tədbirdə jurnalistlərin suallarını cavablandırarkən sosial mediada trend olan görüntüdən danışıb. Görüntünün Ağ Evin rəsmi hesabından paylaşılması bəzi katolik dairələrdə narahatlığa səbəb olub.
Görüntü ilə bağlı danışan Tramp bildirib:
“Mənim bununla heç bir əlaqəm yoxdur, dünən gecə gördüm. Bəlkə də süni intellekt bunu edib, bilmirəm. Haradan gəldiyi barədə heç bir fikrim yoxdur. Ancaq həyat yoldaşım bunun sevimli olduğunu söylədi. “Necə də xoş görüntüdür” – deyib”.
Jurnalist ona bəzi katoliklərin bu vəziyyətə reaksiya verdiyini xatırladanda Tramp medianı tənqid edərək deyib:
“Yəni onlar zarafat edə bilmirlər? Sən katoliklərdən danışmırsan, saxta xəbər mediasından danışırsan. Katoliklər bu barədə çılğındırlar. Mən deyiləm. Media saxtadır, özləri uydururlar. Bunu kimsə əylənmək üçün edib, bunda bir problem yoxdur. Bir az da əylənmək lazım deyilmi?”
Günel Həsənova