
Gəncədə xəsarət almış şəxsin ölməsi faktı üzrə cinayət işi başlanılıb.
Baş Prokurorluğunun Mətbuat xidmətindən Gununsesi.info-ya bildirilib ki, mayın 12-də 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhəri, M.Xələfov küçəsində yerləşən yataqxanasının həyətində almış olduğu xəsarətdən bu gün müalicə aldığı xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işinin ibtidai istintaqı aparılır.
Cinayət əməlini törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində daxili işlər orqanları ilə birgə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
***
Gəncədə 11-ci sinif şagirdi Elgün İbrahimovun ölümü ilə bağlı bəzi detallar məlum olub.
Gununsesi.info xəbər verir ki, o, ağır vəziyyətdə gecə saatlarında Məmməd Xələfov küçəsi 115 ünvanında – Azərbaycan Texnologiya Universitetinə məxsus, hazırda tərk edilmiş yataqxananın həyətində tapılıb. Bildirilir ki, bu yataqxanada bir müddət əvvələdək məcburi köçkünlər məskunlaşıbmış.
Əraziyə yaxın olan peşə məktəbinin mühafizəçisi Elgünün inilti səslərini eşidərək, hüquq-mühafizə orqanlarına xəbər verib. Hadisə yerinə dərhal polis və prokurorluq əməkdaşları cəlb olunublar. Yeniyetmə Gəncə şəhərindəki xəstəxanalardan birinə çatdırılsa da, ertəsi gün səhər saatlarında vəfat edib. İki qardaşdan böyüyü olan Elgün İbrahimov Gəncə şəhər S.Vəliyev adına 34 nömrəli orta məktəbin rus bölməsinin 11-ci sinifində oxuyurmuş.
Elgünün dayısı Rövşən Zeynalov bildirib ki, o, dərsdənkənar hazırlığa gedirmiş və hadisənin də həmin hazırlıqdan çıxandan sonra baş verdiyi ehtimal olunur:
“Uşağı görəndə tanımadım. Baş nahiyəsi tamamilə əzilib, gözünün biri yerində olmayıb. Bu vəhşilikdir. Biz bu vəhşiliyin kim və ya kimlər tərəfindən törədildiyini bilmək istəyirik. Bu bir nəfərin işi deyil. Uşağın ağciyərləri belə partlayıb. Tam məsuliyyətimlə deyirəm, heç kimlə işi olmayan, sakit, yalnız dərslə maraqlanan bir uşaq idi. Mayın 4-də rus bölməsi üzrə keçirilən imtahanda çox yüksək bal toplamışdı. Anası bu uğura görə bizə gözaydınlığı vermişdi”.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.