Etiraf

  • By Günel
  • 10 İyul 2025 23:38

Etiraf Kiminsə ağlına gəlib 9 iyulu ümumdünya etiraf günü elan edib. Etiraf insanın mənəvi aləmi ilə bağlı olub cəsarəti, səmimiyyəti, dürüstlüyü özündə etiva edir. Fikrimcə hər bir insan səmimiyyətlə nə vaxtsa atdığı addımı etiraf edirsə bu onun mənən zəngin olmasına dəlalət edir. Etiraf həm də müəyyən yükdən azad olmaq, yüngünləşmək deməkdir. Bunun üçün ilin hər hansı bir gününü gözləmək yox, yeri gəldikcə, məqamı yetdikcə etiraf söylənilməlidir. Lüzum olmadığı halda müəyyən mətləblərin sirrə çevirilməməsi daha yaxşıdı. İndi fikir verdim artıq gün tamam oldu. Bir neçə dəqiqədir ki, 10 iyul tarixinə qədəm qoymuşuq. Belə ki mənim edəcəyim etiraf gecikmiş hesab oluna bilər.

Səhər saatlarından ovqatım təlx idi. Üstəgəl dəhşətli ağrılar da haralardansa qeybdən gəlib yapışdı yaxamdan. Bir tərəfdən də isti əziyyət verirdi. Qeyri-ixtiyari məqsədindən, sözündən asılı olmayaraq kim zəng etdib hal-əhval soruşdusa ağrıdığımı dedim. Düzü həmsöhbətlərimdən bir kimsə elə dərindən fərqinə varmadı.

Axşamüstü nə qədər əhəmiyyət vermədimsə də qəribə umacaq hissləri gəlib oturdu üzlü müsafir kimi düz qafamın içində. Niyə axı bu qədər dost-tanışdan, yaxından biri təkrar soruşmadı ağrıların ötüşmədi ki…

Deyəsən məni çox istəyən elə bu ağrının özüdür. Sadiq dost, həmdəm kimi heç məni tək qoyub çıxıb getməyi fikirləşmir. Əməlli-başlı fikir məni çulğaladı. Yəni bu qədərmi etinasızlığa layiqəm? Havanın istisi hər yerə siyarət edib, lal sükutlu səssizlik yaratmışdı. Stolun üstündəki telefonum, divar küncündəki ev telefonu da kondisonerin vurduğu sərinlikdə əməlli-başlı “mürgü” döyürdü. Qəfil zəng səsinə uşaq kimi sevindim. İlk ağlıma gələn o oldu ki, kim unutsa o,unutmaz. Mütləq soruşacaqdı. Lap nə qədər başı qarışıq olsa belə. Sən demə yanılırammış. Zəng edən yanlış düşübmüş.

Bu mənim özəl olaraq bu etiraf gününə etirafımdı. Gerçəkdən guya kiminsə ağlına gəlib, yadına düşüb soruşacağını çox gözlədim.

Ehh! Nə qoyub, nə axtarıram. Camaatın özünün yüz dərd-səri var.

Küçəyə çıxıb, rastıma düşən ilk taksiyə mindim. – Bizi o şimşəklər çaxan yerə apara bilərsiz? deyib, sürücüyə baxdım. SÜrücü gözlədiyimin əksinə heç nə demədən üzü dağlara sarı istiqamət götürdü. Görəsən niyə soruşmur ki, mən bizi deyəndə, özümdən başqa kimi nəzərdə tuturam. Beləcə mən və mənim ən yaxın dostum, ağrım bu şəhərdən, bu bürküdən, qəfil yağan bu yay yağışından yanıb-sönən ildırımlara tərəf üz tutduq. Təkcə bir arzum vardı, bu yol uzanaydı. Çünki dəqiq bildiyim bir şey vardı. Mən və mənim ağrım bu taksidən düşüb hara gedəcəyimizi bilmirdik.

Pərviz Yəhyalı

Gununsesi.info