Tolikin məhkəməsi başladı

  • By Günel
  • 10 İyul 2025 18:52

Televiziya aparıcısı və prodüser Tarix Əliyevdən (Tolik) məhbus ailələri barədə səsləndirdiyi fikirlərə görə cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü həm prokurorluğa, həm də məhkəməyə şikayət edilib. İyulun 10-da Nərimanov rayon Məhkəməsində şikayətçilərdən Arzu Hacıyevanın ona qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında hazırlıq iclası keçirilib.

T.Əliyev məhkəməyə gəlmədiyindən onu vəkili təmsil edib.

Məhbus ailələrinin etirazını doğuran və sosial şəbəkələrdə yayılmış səsyazı ayrıca diskdə iddiaya əlavə kimi məhkəməyə təqdim olunub. Hazırlıq iclasında diskə baxış keçirilib.

Şikayətçi A.Hacıyeva bildirib ki, T.Əliyev təkcə siyasi məhbusları deyil, on minlərlə məhbus ailələrini təhqir edib: “Özünün aktiv istifadə etdiyi sosial şəbəkə hesabında bu qədər insanı təhqir edib. Biz də məhbus ailəsi olaraq müraciət etmişik ki, məhkəmə onun əməlinə hüquqi qiymət versin”.

T.Əliyevin vəkili iddianın icraata götürülməsinə etirazını bildirərək iddia edib ki, A.Hacıyeva bu yolla həyat yoldaşını gündəmə gətirib azadlığa buraxılmasına nail olmağa çalışır.

Qısa müşavirədən sonra hakim Kamal Babayev teleaparıcı T.Əliyevin Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsiylə cəzalandırılmasından ötrü verilmiş şikayətin icraata götürülməməsinə qərar verib. Diskə baxış zamanı orada təhqirə rast gəlinmədiyi əsas gətirilib.

Şikayətçi A.Hacıyeva qərarı qanunsuz və əsassız sayır: “O səs yazısı sosial şəbəkələrdə yayılıb, yüz minlərlə insan eşidib, təhqiri eşidib. Olsun, biz yenidən o səs yazısını bir neçə diskə köçürüb, bir daha məhkəməyə təqdim edəcəyik. Bu dəfə bir neçə disk verərik. Hamısında da təhqirlər aydın şəkildə eşidilsin. Görək, bu dəfə Toliki müdafiə etmək üçün hansı bəhanə tapılacaq”.

Onlarla məhbus ailəsinin T.Əliyevlə bağlı prokurorluğa şikayəti üzrə də araşdırmalar gedir. Onlardan bir neçəsi Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinə çağrılaraq izahatları alınıb.

A.Hacıyevanın həyat yoldaşı Bəxtiyar Babaşov Müsəlman Birliyi Hərəkatının üzvüdür. 2023-cü ilin martında narkotik ittihamıyla həbs edilən B.Babaşova 4 il cəza kəsilib. O, ittihamı rədd edir, dini inanclı kəsimə qarşı repressiyalar üzündən narkotiklə şərləndiyini bildirir.

 

Gununsesi.info