
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan Əbu-Dabidə görüşüblər.
Görüşdə sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və sülh müqaviləsinin imzalanması kimi vacib məsələlər müzakirə olunub.
Hər iki tərəf dialoqun davam etdirilməsinin və nəticə yönümlü olmasının önəmini vurğulayıb. Bu görüş Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunması istiqamətində əhəmiyyətli addım sayılır.
Gununsesi.info-ya açıqlama verən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri,türkiyəli politoloq Həsən Oqtay mövzunu belə şərh edib:
“44 günlük müharibədən sonra 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli atəşkəs razılaşmasından ötən beş ilə baxmayaraq, hələ də davamlı və uzunmüddətli sülh sazişi imzalanmayıb. Türkiyə əvvəlcə Rusiya, İran, Gürcüstan, Ermənistan və Azərbaycan daxil olmaqla altıtərəfli formatda Cənubi Qafqazda əməkdaşlıq təşəbbüsü irəli sürsə də, geosiyasi vəziyyət bu təşəbbüsü reallaşdırmağa imkan vermədi. Nəticədə Türkiyə Ermənistanla birbaşa ikitərəfli danışıqlara üstünlük verdi. Bu danışıqlar Moskvada, Vyanada və İğdırda keçirilsə də, sülhə nail olunmadı.
Türkiyə daim ilkin şərtsiz üçtərəfli sülh sazişinin tezliklə imzalanmasını tələb edir. Ermənistan Baş naziri Nikol Paşinyanın xoşməramlı yanaşması və Türkiyəyə son səfəri zamanı ilkin şərtsiz sülh sazişinə hazır olduğunu bildirməsi üçtərəfli sülh istiqamətində müəyyən irəliləyişlər olduğunu göstərir.
Lakin Azərbaycan həm regionda Rusiyanın mövqeyini balanslaşdırmaq, həm də 44 günlük müharibədən sonra əldə etdiyi psixoloji üstünlüyü qorumaq üçün prosesə müxtəlif şərtlərlə yanaşır. Ermənistanın qeyri-müəyyən siyasi durumunu nəzərə alaraq, Azərbaycanın Ermənistan Konstitusiyasına dəyişiklik tələbi ölkədə daxili sabitliyə təhdid kimi qəbul edilə və yeni çevriliş riskini artırmış olur.
Paşinyana qarşı artıq ən azı on dəfə dövlət çevrilişi cəhdi qeydə alınıb. Rusiya və Ermənistan müxalifəti, xüsusilə konstitusiyaya dəyişikliklər zamanı, yeni çevriliş planları üzərində işləyir. Bu baxımdan Azərbaycan üçün əsas sual aydındır: sülh sazişi Paşinyanla, yoxsa onun rəqibi, Koçaryanın komandasının rəhbərliyi ilə imzalanmalıdır?
Beynəlxalq analitiklər və xəbər agentlikləri Azərbaycanın irəli sürdüyü çoxsaylı və dəyişkən şərtlər səbəbindən sülh sazişinə nail olmağın uzaq olduğunu bildirirlər. Hazırda mediada belə fikirlər səslənir ki, Ermənistan sülhə daha çox meyllidir, Azərbaycan isə gündəlik yeni şərtlər əlavə edir”.
Politoloq hesab edir ki, tərəflərin açıqlamalarından belə görünür ki, gözlənilən sülh hələ tam formalaşmayıb.
“İlk mərhələdə iki ölkə rəsmi şəkildə bir-birini tanımalı, sərhədlərin delimitasiyası aparılmalıdır. Bundan sonra sülh sazişi imzalanması mümkün olacaq.
Zəngəzur məsələsi isə tərəflərin bir-birini tanımasından və sərhədlərin razılaşdırılmasından sonra müzakirəyə çıxarılmalıdır. Lakin mediada bu mövzu ilə bağlı yayılan xəbərlər prosesin sakit və konstruktiv irəliləyişinə mane olur.
Bu görüşlərin Əbu-Dabidə deyil, İstanbulda keçirilməsi daha simvolik və məqsədəuyğundur. Türkiyə, Azərbaycan və Ermənistan arasında üçtərəfli sülh sazişi imzalanacaqsa, bu sənədin İstanbulda imzalanması qaçılmazdır.
Moskva, Vyana və Əbu-Dabidə aparılan danışıqların sülhə nail olmaqdan çox, prosesi ləngitmək məqsədi daşıdığı barədə fikirlər artmaqdadır. Cənubi Qafqazda xarici müdaxilələrin qarşısını almaq və sabitliyi təmin etmək üçün Türkiyənin liderliyində güclü bir üçtərəfli sülh müqaviləsi imzalanmalıdır.
Ukrayna böhranı Cənubi Qafqazda Rusiyaya qarşı yeni cəbhə açmaq riski yaradır və mürəkkəb geosiyasi vəziyyət formalaşdırır. Bu səbəbdən regionda yeni qarşıdurma yaranmamalı, sülh və stabillik təmin edilməlidir.
Əslində, Türkiyə Cənubi Qafqazdakı Azərbaycan, Gürcüstan və Ermənistanı tanıyıb, sərhəd qapılarını açsa da, yalnız Azərbaycan və Gürcüstanla diplomatik əlaqələr qurub. Ermənistanla isə Azərbaycanla münaqişə fonunda əlaqələr yaratmayıb. Kəlbəcərin işğalı zamanı sərhəd qapıları bağlanıb, 44 günlük müharibədən sonra isə açılıb. Türkiyə ötən 5 ildə Azərbaycan adına üçtərəfli sülh prosesini dəstəkləmək və sərhəd qapılarının açılması üçün aktiv fəaliyyət göstərib. Əgər Azərbaycan–Ermənistan–Türkiyə arasında sülh təmin edilməzsə və Əbu-Dabidə başlayan proses İstanbulda davam etməzsə, Türkiyə Ermənistanla sərhəd qapılarının açılması imkanlarını itirəcək.
Buna görə də Türkiyə, Ermənistan və Azərbaycan arasında möhkəm sülhün təmin olunması üçün İstanbulda, heç bir ilkin şərt olmadan, təcili olaraq sülh müqaviləsinin imzalanması vacibdir”.
Şəbnəm Rəhimova