Bu gün Ümumdünya Əhali Günüdür

  • By Günel
  • 11 İyul 2025 08:02

Hər il iyulun 11-i Ümumdünya Əhali Günü kimi qeyd olunur.

Gununsesi.info xəbər verir ki, bu əlamətdar gün 2005-ci ildən etibarən Azərbaycanda geniş şəkildə qeyd edilir.

Ümumdünya Əhali Günü 1989-cu ildə BMT-nin Əhali Fondu tərəfindən təsis edilib. İlk dəfə 1990-cı ildə 90-dan artıq ölkədə qeyd olunub. Azərbaycanda isə MDB məkanında ilk dəfə olaraq elmi əsaslarla işlənilib, demoqrafiya sahəsində dövlət strategiyasını müəyyən edən “Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası” təsdiq edilib.

Xarici mənbələrin məlumatına görə, cari ildə dünya əhalisinin sayı 8 milyarddan çoxdur. Bu il dünyada təqribi 69 milyon insan doğulub, təqribi 32 milyon insan vəfat edib. Bu isə cari ildə olan təqribi 36 milyon artıma bərabərdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə isə Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 11338 nəfər və ya 0,1 faiz artaraq 2025-ci il may ayının 1-i vəziyyətinə 10236227 nəfərə çatıb. Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Komitənin məlumatına görə, Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan 1150 nəfər tələbə də nəzərə alınmaqla işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı 48209 nəfər təşkil edir.

“Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən iyun ayının 1-nə qədər işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 14 843 nəfərdən ibarət 3721 ailənin qayıdışı təmin edilib.

Hazırda Qarabağda bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin və onların ailə üzvlərinin sayı isə 32 216 nəfər təşkil edir.

Gununsesi.info