Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən 1998-ci il təvəllüdlü Elçin Heydərlinin məhkəməsi başa çatıb.

Gununsesi.info xəbər verir ki, hadisə Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbə ərazisində qeydə alınıb.

İmişli rayonu, Qızılkənd kənd sakini Elçin Heydərli idarə etdiyi “Mercedes” markalı avtomobillə 1988-ci il təvəllüdlü Hörmət Nurullayevi vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Hadisəni törədən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma – eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə ifadə verən E. Heydərli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, İmişli rayonu Qızılkənd kəndində yaşayır.

O bildirib ki, “Mercedes” markalı avtomobili idarə etsə də, onun sürücülük vəsiqəsi və etibarnaməsi yoxdur. Bu ilin yanvarın 15-də saat 19 radələrində həmin avtomobili idarə edərək, Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbəyə gedib.

O, avtomobili sürətlə idarə edərkən qarşıdan üç nəfərin keçdiyini görüb. Bu zaman sürücü sürəti azaltsa da, həmin üç nəfərdən biri – Hörmət Nurullayevi vurub.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə E. Heydərli 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Həmçinin o, 4 il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum olunub.(Teleqraf)

Gununsesi.info