
Bugün Azərbaycanda Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.
Diplomatiyası güclü olan ölkə hər zaman qüdrətli olur.
Azərbaycan Xalq Cümhuriyyətinin quruluşundan sonra qısa zamanda dünyada tanınmasının bir səbəbi də o dövrdəki diplomatik fəaliyyətə verilən önəmin nəticəsi idi.
Çünki, Azərbaycan yeni doğulmuş körpə idi və bu körpəni beşiyində boğmaq istəyənlər vardı.
O dövrlər xarici siyasət idarəmizə başçılıq edən nəhəng insanların – Fətəli Xan Xoyskinin, Məmməd Həsən Hacıniskinin , Adil Xan Ziyadxanlının peşəkarlığı nəticəsində Azərbaycan müstəqil dövlət olaraq, dünyada tanındı.
Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycan da 30 illik işğal dövrünü geridə qoyub, öz suverenliyini bərpa edib.
Dünyada baş verən proseslər göstərir ki, bu bizi arxayınlaşdırmamalıdır.
Ölkənin iqtisadi gücü qədər onun diplomatiyası da güclü olmalıdır.
Bugün Azərbaycanın dünyanın əsas ölkələrində səfirlikləri fəaliyyət göstərir.
Etiraf edək ki, əvvəlki illərdən fərqli olaraq, indi bu strukturlarda hansısa nazirin övladları deyil, öz biliyi, savadı hesabına çalışan gənclərimiz var.
Amma diplomatik nümayəındəliklərimizdə çalışanların durumunu araşdıranda üzücü mənzərə ortaya çıxır.
Digər inkişaf etmiş ölkələrin diplomatik xidmət orqanlarıda çalışan şəxslərlə müqayisədə Azərbaycandan olan diplomatlar və bu strukturlarda çalışan digər vətəndaşlarımızın sosial təminatına dair çətinliklər var.
Elə bu ilin əvvəlində Milli Məclis “Diplomatik xidmət haqqında” qanunu dəyişdi.
Təəssüflər olsun ki, əvvəlki qanunvericilikdə nəzərdə tutulan bir sıra imtiyazlar yeni qanunda əksini tapmaıb.
Nəticə etibarı ilə bu xidmətdə çalışanların sosial təminatında bir sıra çətinliklər yaşanmağa başlayıb.
Azərbaycan qüdrətli dövlət olmaq istəyirsə, bu sahəyə də diqqəti artırmalıdır ki, orada çalışan insanlar öz qayğılarını deyil, dövlətin onların qarşısında qoyduğu vəzifələri düşünsün.
Pərviz
Gununsesi.info