Göyqruşağının ardınca - Orxan Saffari yazır...

  • By Admin2
  • 18 İyun 2025 12:21

Biri var idi, biri yox idi. Hündür bir dağın başında balaca bir kənd, o kənddə də yaşayan Kənan adlı balaca, ağıllı, amma hər şeylə maraqlanan dəcəl bir oğlan var idi.

Kənan ailəsinə hər işdə kömək etsə, hər gün dağdan enib məktəbə getsə, dərslərini yaxşı oxusa da, böyüklərin sözünə qulaq asmaqda o qədər də yaxşı sayılmazdı. Onun bu nadincliyi isə bəzən başına bəlalar gətirirdi.

Əvvəllər Kənanın başına bir neçə dəfə pis hadisələr də gəlmişdi. O, sonuncu dəfə maraqlı gəldiyi üçün dağın o biri tərəfinə gəzməyə getmişdi. Kənana ailəsi dağın o tərəfinə getməyin təhlükəli olduğunu desə də, onlara qulaq asmamışdı, nəticədə isə dağın o biri tərəfində vəhşi heyvanlarla qarşılaşmışdı. Kənan çox qorxsa, canını qurtara bilsə də, yenə də onun hər şeyə olan marağı itməmişdi.

Ağıllı oğlan olduğu üçün, bəzən etdiyi səhvləri ona bağışlayırdılar da, ancaq onun bu nadincliyindən yaranan hadisələr yaxşı olmaya bilərdi.

Az keçmişdi, çox keçmişdi, günlərin bir günü dağa güclü yağış yağmışdı. Yağış o qədər güclü yağırdı ki, həmin gün evdən çölə çıxmaq da mümkün deyildi. Nə həyətdə-bacada iş görmək olurdu, nə məktəbə getmək. Kənan isə həmin gün saatlarla evlərinin pəncərəsindən şiddətli yağışa tamaşa etmişdi.

Cəmi bir neçə saat sonra aramsız yağan yağış kəsməyə başlamışdı. Yağış tam dayananda isə Kənan həyatında ilk dəfə göy qurşağının çıxdığını görmüşdü. O, həyəcanından heç nə edəcəyini bilməmişdi. Valideynlərinə belə demədən çölə çıxıb qərara almışdı ki, göy qurşağının ardınca getsin.

Beləcə, qərar vermişdi Kənan.

Az getmişdi, çox getmişdi, ancaq göy qurşağına çata bilməmişdi. Amma o, bunu o vaxt bilmişdi ki, artıq çox gec idi və Kənan yolunu azmışdı, dərənin içindən çıxa bilməmişdi.

Kənan göy qurşağının ardınca düşəndə qaranlıq düşməmişdi, lakin o birdən göy qurşağının itdiyini də görmüşdü.

Valideynləri hər yerdə Kənanı axtarırdı. Onlar Kənanı yaxşı tanıdıqları üçün göy qurşağının ardınca getdiyini bilmişdilər.

Beləcə, bir neçə saatlıq axtarışdan sonra, nəhayət ki, tapılmışdı Kənan.

Amma necə?

Kənan dağlı-dərəli, daşlı yollarda yıxılıb ayağını əzmişdi. Ailəsi onu ağlamaq səsindən tapa bilmişdi. Çünki qorxmuşdu Kənan, bir küncə qısılıb xısın-xısın ağlayır, içini çəkirdi.

Ata-anasını görəndə isə sevincindən daha möhkəm ağlamışdı. Ailəsi onu bu halda görüb çox qorxmuşdular. Ata-anasının köməkliyi ilə evə qayıdandan sonra Kənan başa düşmüşdü ki, maraqlanmaq yaxşıdır, amma hər şeylə vaxtından əvvəl maraqlanmaq bədbəxt hadisələrə yol aça bilər. Elə indi açdığı kimi. Bəs birdən onu tapmasaydılar?- düşünmüşdü Kənan.

Beləcə, o gündən sonra Kənan ailəsinə söz verdi və bir daha icazəsiz heç yerə getmədi.

O həm də başa düşdü ki, göy qurşağına çatmaq olmasa da, onu hiss etmək olar.

Orxan Saffari

Gununsesi.info