
Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin rəhbəri Andriy Yermak Vaşinqtonda ABŞ Dövlət katibi Marko Rubio ilə İstanbul danışıqları ətrafında vəziyyəti müzakirə edib.
Gununsesi.info xəbər verir ki, bu barədə o, “telegram” kanalında məlumat verib.
“Biz cəbhədəki vəziyyəti, hava hücumundan müdafiə sahəsində Ukraynaya dəstəyi gücləndirməyin zəruriliyini müzakirə etdik. İstanbulda ruslarla görüşlər, danışıqların sonrakı gedişi, əsirlərin mübadiləsi ilə bağlı da fikirlərimizi bölüşdük”.
Eyni zamanda Yermak ənənəvi olaraq Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi çağırışını təkrarlayıb.
Bir gün əvvəl Yermak bu mövzunu ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoff və ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla ayrıca müzakirə edib.
Xatırladaq ki, iyunun 2-də İstanbulda Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların ikinci raundu keçirilib.
Görüş bir saatdan bir qədər çox çəkib. Tərəflər münaqişənin həlli aspektlərinə baxışlarını əks etdirən sənədlər mübadiləsi aparıblar.