“Vətəndaşı işlə təmin edə bilmirsinizsə, bu yarmarkalar nəyə lazımdır?” – Ekspertdən SƏRT ÇIXIŞ

“Bakı şəhərində böyük əmək yarmarkası keçirilib. Tədbirdə 150-yə yaxın şirkət iştirak edib, minə yaxın vakansiya təqdim olunub. Amma min vakansiyanın olması min nəfərin işlə təmin edilməsi demək deyil. Hətta 10 nəfərin belə işə düzəlmədiyi hallar var.

Əgər biz əmək yarmarkalarının keçirilməsi, iştirak edən şirkətlərin sayı və təqdim olunan vakansiyalar barədə məlumat yayırıqsa, bəs nəticələri niyə açıqlamırıq? Niyə bu yarmarkaların yekun nəticələri ictimaiyyətə təqdim olunmur?”

Gununesi.info bildirir ki, bu fikirləri iqtisadçı-ekspert Bella Bəşirova “Aktual Gündəm” verilişində deyib:

“Vətəndaş səhər evindən çıxır, yol pulu xərcləyir, CV hazırlayır. Bəzən rayonlardan Bakıya gəlir, günlərlə yarmarkalarda qeydiyyatdan keçməyə çalışır. Nəticədə  yenə işsiz qayıdır. Bu zaman onun çəkdiyi xərclərə, itirdiyi vaxta təəssüflənməmək mümkün deyil.

Əgər vətəndaş əmək yarmarkasında iştirak etməklə istədiyi işi tapa bilməyəcəksə, onda bu tədbirlər illərdir hansı məqsədlə keçirilir?

Deyirlər ki, Qarabağda da əmək yarmarkaları təşkil olunur. Ancaq orada tam köçürülmə prosesi hələ başa çatmayıb. Bəs həmin yarmarkalar kimlər üçün keçirilib? Neçə nəfər iştirak edib və konkret olaraq nə qədər insan işlə təmin olunub?

Əlbəttə, Qarabağda yaşayan insanların işlə təmin olunması vacibdir. Çünki yeni köçürülmələr var, iş yerini dəyişərək Qarabağa köçənlər, əvvəlki işindən ayrılıb orada məskunlaşanlar var. Bu baxımdan əmək yarmarkaları yaxşı təşəbbüsdür və mən belə tədbirləri alqışlayıram. Bu, insanlarla işəgötürənlər arasında əlaqə yaratmaq üçün faydalı bir vasitədir. Amma əsas məsələ bu tədbirlərin real nəticə verib-verməməsidir.

Bu gün peşə hazırlığı kurslarından danışılır. Bəs DOST mərkəzlərində qeydiyyatda olan işsiz insanların ehtiyacları araşdırılıbmı? Onların hansı sahələr üzrə iş axtardığı müəyyən edilibmi? Yarmarkalara dəvət olunan şirkətlərin təqdim etdiyi vakansiyalar həmin insanların istək və bacarıqlarına uyğundurmu?

Vətəndaş ora sadəcə məlumat almaq üçün gəlir, yoxsa işə düzəlmək üçün? Məlumat almaq istəyirsə, bunun üçün niyə vaxt və pul itirməli, CV hazırlamalı, hətta başqa rayondan Bakıya gəlməlidir?

Vətəndaşı sadəcə məlumatlandırmaq yox, konkret işlə təmin etmək lazımdır. Əmək yarmarkalarının uğuru da təqdim olunan vakansiyaların sayı ilə deyil, nəticədə neçə nəfərin işlə təmin olunması ilə ölçülməlidir”.

 

 

Şəbnəm

Gununesi.info