“404” romanı müharibə romanıdır. “Park” nəşriyyatında dərc olunub, redaktor yazıçı Vüqar Vandır. Kitab İkinci Qarabağ müharibəsindən bəhs edir.
Əsəri müəllif bir növ özünə və həm də oxucuya ünvanlanmış etirafla başlayır. Müəllif müharibənin şıdırğı vaxtında niyə əsgərliyə gedə bilməməsindən şikayətlənir.
Sonra roman səmimi bir dildə qələmə alınaraq, rahat anlaşılan mətnlə davam edir. Necə deyərlər, ağır mövzudan söhbət açılsa da, şəffaf qatlı bir proza nümunəsidir və birnəfəsə oxunur.
Amma eyni zamanda bunu da qeyd edim ki, mətn struktur baxımından çox kobuddur, səliqəsizdir və yonulmayıb. Elə bil, müəllif romanı yazıb və mürəkkəbi qurumamış qaça-qaça, təngnəfəs gətirib nəşriyyata təqdim edib ki, tez eləyin, bunu dərc edin, mən roman yazmışam.
Məncə, əvvəlcə əsərin yəhər-yüyənini, üzəngisini, nalını, qamçısını sahmanlıyıb onu dördnalla sonra çapmaq lazım idi. Müəllif isə bunları etmir, əziyyətə qatlaşmaq istəmir, onu elə vəhşi halda, əhliləşməmiş yorğalayır.
Belə böyük həcmli işdə tələsməmək vacib şərtdir.
Romanda müharibənin bizim dilə gətirib, deyə bilmədiyimiz örtülü məsələlərinə ironik bir eyham vurulur. Müəllif başına gələn və gördüyü hadisələri yarı məzəli, yarı yumoristik bir tonla tədqim edir, amma eyni zamanda ciddi mövzulara da toxunur.
Əsər əsasən kölgə qəhrəmanın dilindən qələmə alınır. Kölgə qəhrəman yalnız fikirlərini bildirir, hadisələrin mərkəzində durmamağa çalışır. Əsərin əsas qəhrəmanı, mərkəzə gətirilən obrazı isə Əjdərdir. O, kölgə qəhrəmanın uşaqlıq dostudur.
Məşhur İtaliya yazıçısı İtalo Kalvinonun “İkiyə bölünmüş Vikont” adlı məşhur romanı var. “404”-ü oxuduqca, mən həm də italiyalı yazıçının bu əsərini gözümün qabağına gətirib, bu romanları bir-biriylə müqayisə etdim.
Vikont Medardo de Terralbo türklərlə müharibəyə gedir və elə ilk döyüşdəcə ağır yaralanır. Top gülləsi onun bədənini iki yerə bölür. Nə qədər qəribə görünsə də, parçalanmış vikontun hər iki tərəfi sağ qalır və geriyə, evinə qayıdır.
Orxanın əsərinin qəhrəmanı Əjdər də müharibədə eynən vikont kimi ağır yaralanır. Amma onun bədəni ikiyə bölünmür, bəlkə də, bundan daha dəhşətli hadisə baş verir. O, bədənin aşağı və yuxarı ətraflarını döyüşdə itirir.
Əvəllər vurub-tutan, civə kimi qaynayan, bir yerdə dayanmayan, qəliz məhəllə razborkalarını, borc-xərc söhbətlərini həll edən Əjdər, indi köməksiz vəziyyətdədir, başqalarından asılı olan aciz və bədbəxt varlıqdır. Ona daimi kömək lazımdır, çünki hətta siqaretini belə özü alışdıra bilmir.
Axırı necə olacaq, Əjdər bu ağır prosesdən çıxa biləcəkmi?
Mən, əlbəttə, Orxan Saffarinin “404” adlı ilk romanı barədə ətraflı danışıb, kitaba olan oxucu marağını öldürmək istəmirəm.
Son olaraq onu qeyd edirəm ki, əsərdə fantasmaqorik reallıq, müharibə kimi ağır sujet xəttinin yumoristik yanaşma tərzi diqqət çəkir.
Müharibənin amansızlığı, mənasızlığı, onun insan psixologiyasına dağıdıcı təsiri obrazlı şəkildə təsvir olunur.
Müəllif: Vüsal Bağırlı











