Türkiyəli fenomen Özlem Özün 4,5 milyon izləyicisi olan instaqram hesabı bağlanıb.
Gununesi.info xəbər verir ki, fenomen azyaşlı övladının sünnət olunması zamanı çəkilən görüntüləri paylaşması hesabının bağlanmasına səbəb olub.
Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi məsələ ilə bağlı məhkəməyə müraciət edib.
Məhkəmə uşağın şəxsi həyatını və bədən toxunulmazlığını pozan görüntülərin silinməsi və onlara girişin məhdudlaşdırılması barədə qərar qəbul edib.
Qərardan sonra təxminən Özlem Özün instagram hesabına giriş məhdudlaşdırılıb.
Nazirlikdən bildirilib ki, valideynlərin razılığı uşaqların şəxsi həyatını pozan görüntülərin paylaşılmasına əsas vermir. Uşaqların sağlamlığı, ailə həyatı və şəxsi anlarının sosial şəbəkələrdə yayılması onların hüquqlarını poza bilər.
Açıqlamada uşaqların şəxsi həyatının qorunmasının həm valideynlərin, həm də sosial şəbəkə platformalarının məsuliyyəti olduğu vurğulanıb.
Psixoqların fikrincə, azyaşlı uşaqların şəxsi və həssas anlarının sosial şəbəkələrdə paylaşılması onların gələcək psixoloji durumuna mənfi təsir göstərə bilər. Uşaqlar belə görüntülərin yayılmasının hansı nəticələrə səbəb ola biləcəyini dərk etmək iqtidarında deyil.
Buna görə də valideynlər paylaşım edərkən uşağın maraqlarını ön planda tutmalıdırlar. Belə paylaşımlar gələcəkdə uşağın yaşıdları arasında lağa qoyulmasına və psixoloji təzyiqlə üzləşməsinə də yol aça bilər.
Həmçinin uşaq böyüdükdən sonra həmin görüntülərin internetdə qalması onun şəxsi həyatına dair narahatlıq yarada bilər.
Ən vacibi isə sosial şəbəkələrdə izləyici sayını artırmaq və diqqət çəkmək uşağın təhlükəsizliyindən və hüquqlarından üstün tutulmamalıdır.
Onu da qeyd edək ki, bundan əvvəl türkiyəli fenomen Dilan Polatın instaqram hesabına giriş məhdudlaşdırılmışdır.
Şəbnəm Rəhimova












