Torpaq sahəsinin qanunsuz zəbt edilməsinə görə hansı məsuliyyət nəzərdə tutulur?

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, torpaq sahələrinin özbaşına tutulması qadağandır. Qanunsuz zəbt edilmiş torpaq sahəsi geri qaytarılmalı, ərazi əvvəlki vəziyyətinə gətirilməlidir. Zəruri hallarda qanunsuz tikililər sökülməli və bərpa işlərinin xərcləri həmin ərazini zəbt etmiş şəxs tərəfindən ödənilməlidir.

Bununla yanaşı, torpaq sahəsinin özbaşına tutulması müəyyən hallarda cinayət məsuliyyətinə də səbəb ola bilər. Cinayət Məcəlləsinin 188-ci maddəsində torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququ olmadan onun zəbt edilməsinə görə məsuliyyət nəzərdə tutulur.

Burada bir məqamı xüsusi qeyd etmək istəyirəm: hər bir torpaq və ya əmlak mübahisəsi cinayət əməli hesab edilmir. Məsuliyyətin növü hadisənin mahiyyətindən, əməlin xarakterindən və qanunda nəzərdə tutulan şərtlərdən asılıdır. Buna görə də hər bir hal ayrıca araşdırılmalıdır.

Mülkiyyət hüququ pozulan vətəndaş nə etməlidir?

Belə vəziyyətlə qarşılaşan şəxslər ilk növbədə öz hüquqlarını təsdiq edən sənədləri toplamalıdırlar. Əmlaka dair çıxarış, alqı-satqı müqaviləsi, vərəsəlik şəhadətnaməsi və digər hüquqi sənədlər mübahisənin həllində mühüm rol oynayır.

Bundan başqa, qanunsuz zəbt və ya sərhəd pozuntusu faktı foto və video görüntülərlə, zəruri hallarda isə mütəxəssis rəyi və ölçmə sənədləri ilə təsdiqlənməlidir.

Növbəti mərhələdə mübahisənin xarakterindən asılı olaraq aidiyyəti dövlət qurumlarına müraciət etmək mümkündür. Problem bu yolla həllini tapmadıqda isə vətəndaş məhkəməyə müraciət edə bilər.

Məhkəmədə mülkiyyət hüququnun tanınması, əmlakın geri qaytarılması, istifadəyə maneələrin aradan qaldırılması, qanunsuz tikililərin sökülməsi və dəymiş zərərin ödənilməsi tələb oluna bilər.

Mən vətəndaşlara tövsiyə edərdim ki, daşınmaz əmlak alarkən onun hüquqi vəziyyətini əvvəlcədən diqqətlə araşdırsınlar. Xüsusilə torpaq sahəsi əldə edərkən yalnız təqdim olunan sənədlərlə kifayətlənmək olmaz. Əmlakın dövlət qeydiyyatında olub-olmaması, sərhədləri, təyinatı və üzərində hər hansı məhdudiyyətin mövcudluğu da yoxlanılmalıdır.

Digər tərəfdən, mülkiyyət hüququnun pozulması ilə üzləşən şəxslər problemi özbaşına həll etməyə çalışmamalıdırlar. Mübahisəli ərazidə zor tətbiq etmək, tikililəri özbaşına sökmək və ya qarşı tərəfin əmlakına müdaxilə etmək əlavə hüquqi problemlər yarada bilər.

Əsas olan hüquqların qanuni yollarla müdafiə edilməsidir. Mülkiyyət hüququnun qorunması həm vətəndaşın, həm də dövlətin maraqlarına xidmət edir.

Fərid Cəfərli 

Əmlak məsələləri üzrə ekspert

Gununesi.info