İqtisadçı Natiq Cəfərli Azərbaycanın regionlarında iqtisadi fəallığın zəifləməsi və əhalinin gəlirlərinin əsasən Bakı-Abşeron iqtisadi zonasına cəmləşməsi ilə bağlı narahatlığını ifadə edib.
Gununesi.info-nun xəbərinə görə, o, 2025-ci il üzrə açıqlanan rəsmi statistik göstəricilərə diqqət çəkərək bildirib ki, ötən il Azərbaycanda əhalinin ümumi gəlirləri 89 milyard 916 milyon manat təşkil edib.
Cəfərlinin təqdim etdiyi rəqəmlərə əsasən, bunun 55 milyard 649 milyon manatı Bakının, 4 milyard 959,9 milyon manatı Abşeron rayonunun, 2 milyard 932,4 milyon manatı isə Sumqayıt şəhərinin payına düşüb.
Beləliklə, Bakı, Sumqayıt və Abşeron rayonunda əhalinin ümumi gəlirləri 63 milyard 540 milyon manata çatıb. Bu isə ölkə üzrə ümumi gəlirlərin təxminən 70,7 faizini təşkil edir.
İqtisadçı vurğulayıb ki, Bakı şəhərinin payına ölkə üzrə əhalinin gəlirlərinin təxminən 62 faizi düşür.
Onun sözlərinə görə, Bakı, Sumqayıt və Abşeron çıxıldıqdan sonra Azərbaycanın digər regionlarında əhalinin ümumi gəlirləri cəmi 26 milyard 379 milyon manat təşkil edir.
Natiq Cəfərli bu mənzərəni ölkə iqtisadiyyatının qeyri-effektiv idarə olunmasının göstəricisi kimi qiymətləndirib.
O hesab edir ki, iqtisadi imkanların və gəlirlərin paytaxt ətrafında cəmləşməsi Bakının həddindən artıq yüklənməsinə, regionlardan paytaxta miqrasiyanın artmasına səbəb olur.
İqtisadçı qeyd edib ki, regionlardan Bakı-Abşeron istiqamətində axın edən insanların deyil, bu vəziyyəti yaradan yanlış iqtisadi qərarların və idarəetmə sisteminin məsuliyyəti müzakirə olunmalıdır.
Cəfərli regionların boşalmasının yalnız iqtisadi deyil, eyni zamanda ölkənin təhlükəsizliyi baxımından da ciddi suallar yaratdığını vurğulayıb.
Elmar
Gununesi.info












